Dost dostun pulunu yeyirsə...

26 Aprel 2012 01:00
Belə xoş məram bəzən etibarsızlıqla bitir, həmin kredit ödənilmir. Mübariz adlı oxucunun Milli.Az-a ünvanladığı məktub da elə bu tip problemlə əlaqədardır. Oxucu məktubunda göstərib ki, yaxın dostuna inanaraq öz adına bankdan onun üçün kredit götürüb. Dostu krediti vaxtında ödəyəcəyini ona söz verib. Müəyyən vaxtdan sonra dostu kreditin ödənişini gecikdirib və ödənişləri vaxtı-vaxtında etməyib. Bu zaman onların arasında münasibətlər pozulub, həmçinin dostu pulu qaytarmaqdan imtina edib. Belə olan halda oxucu dostundan pulu qanuni yolla necə ala biləcəyilə maraqlanır.

"Hüquqi Dövlət" araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, bankla müqaviləni kim bağlayıbsa, pulu da o ödəməlidir. Kimsə bankdan öz adına pul krediti və hər hansı əşya götürürsə, müqavilə bağlayır. Həmin müqaviləyə görə də kreditin ödənilməsini özü həyata keçirməlidir.

Ekspertin sözlərinə görə, əgər pulu dostuna veribsə və o pulu verməkdən yayınırsa, iş məhkəmədə həll olunmalıdır. Həmin şəxs məhkəmədə dostuna qarşı iddia qaldırmalıdır. Əgər məhkəmədə sübut edə bilsə ki, krediti öz adına, ancaq dostu üçün götürüb, bu zaman məhkəmə pulun dostu tərəfindən ona qaytarılması barədə qətnamə çıxaracaq və sonra icraya yönəldəcək. Əgər dost dələduz deyilsə, pulu olsa, qətnamə icra olunacaq, olmasa isə icra olunmayacaq.

M.Baxış qeyd etdi ki, vətəndaş kredit götürərkən daşınmaz əmlak və ya qeydiyyatdan keçən daşınan əmlak qoyubsa (ipoteka, digər əmlak), girov müqaviləsi bağlanıb. Hətta girov müqaviləsi bağlanmasa belə, bank həmin şəxsi məhkəməyə verib pulu tələb edəcək. Məhkəmə qətnamə çıxaracaq ki, vətəndaş banka olan müəyyən məbləğdə pulu ödəsin və iş icraya yönələcək. İcraya yönələndən sonra icra məmurları "İcra haqqında qanun"un tələblərinə uyğun olaraq, ona könüllü icraya vaxt verəcəklər. Həmin müddət ərzində qətnamə icra olunmazsa, icra tədbirləri həyata keçiriləcək. Həmin şəxsin əmlakı varsa, satılması təmin ediləcək, işləyirsə, əmək haqqının 50 faizinin borca ödənilməsi üçün iş yerinə icra vərəqəsi göndəriləcək.

Anar Məmmədov
Milli.Az