Azərbaycan rayonlarında yaşayanlar xarici pasportu necə almalıdırlar?
25 Aprel 2012 14:26
Milli.Az-ın məlumatına görə, Day.Az saytına məktubla müraciət etmiş Qəbələ rayon vətəndaşı sözügedən sənədi Bakıdan almasının mümkün olub-olmadığını soruşur.
Daxili İşlər Nazirliyi yanında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildiriblər ki, Qəbələ vətəndaşının ümumvətəndaşlıq pasportunu Bakıdan alması mümkün deyil: "Qəbələ və bir sıra digər rayonlar ümumvətəndaşlıq pasportunu Şəki Pasport və Qeydiyyat İdarəsindən ala bilərlər. Ağsu, Şamaxı və digər rayonlar bunun üçün Göyçay Pasport və Qeydiyyat İdarəsinə müraciət etməlidirlər və sair".
Qeyd edək ki, Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" qanununun 14-cü maddəsinə əsasən, ölkə vətəndaşları ümumvətəndaşlıq pasportu almaq və ya onu dəyişmək üçün 40 manat dövlət rüsumu ödəməlidirlər. Bu halda onlar pasportu 1 ay ərzində əldə edirlər. Əgər vətəndaş pasportu 5 gün ərzində almaq istəyirsə, bu halda dövlət rüsumu 120 manatdır.
Milli.Az