Sənədsiz evlər, müqaviləsiz kirayə mənzillər, işsizlik ucbatından Bakıya üz tutmuş rayon sakinləri və nəticədə heç bir yaşayış ünvanında qeydiyyatı olmayan on minlərlə vətəndaş...
Qısa müddət sonra Azərbaycanda sənədləşmə işləri ilə bağlı vətəndaşların kütləvi şəkildə problemlərlə üzələşəcəyinin proqnozunu vermək olar. Daxili İşlər Nazirliyinin son qərarından sonra xeyli vətəndaşın şəxsiyyət vəsiqəsi etibarsız hesab olundu. Elə bu yaxınlarda "Qafqazinfo"ya müraciət edən Yasamal rayon sakini Nəsrulla Ağamalıyev kimi.
Qısaca xatırladaq ki, vətəndaş həyat yoldaşı ilə boşandığı üçün başqa bir evə kirayənişin kimi köçməli olub. 2019-cu ildə isə keçmiş həyat yoldaşı onu məhkəmə qaydasında əvvəlki evdə qeydiyyatdan çıxartdırıb. Kirayədə yaşadığı evin sahibi isə onun burada qeydiyyata düşməsinə icazə verməyib. Buna görə də Nəsrulla illər əvvəl Yasamal Rayon Polis İdarəsində qeydiyyata düşməli olub. O, sığorta şirkətlərindən birində sənədləşmə işi apararkən məlum olub ki, polisdə qeydiyyatdan çıxarılıb və nəticə etibarilə şəxsiyyət vəsiqəsi etibarsız hesab olunur. Necə deyərlər, havadadır...
Milli.Az "qafqazinfo"-ya istinadən xatırladır ki, ötən aydan etibarən Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarının binalarında qeydiyyata düşmüş vətəndaşların hamısı qeydiyyatdan çıxarıldı. Nazirlik bu addımın sui istifadə hallarının qarşısını almaq üçün atıldığını bildirir: "Bu prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir. Diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar.
Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da, polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün müraciət etməyiblər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılıb və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülüb.
Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır. Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur.
Əgər vətəndaşın özünün və yaxın qohumlarının yaşadıqları evlərin müvafiq sənədləri yoxdursa, bu barədə ərazi üzrə polis orqanına məlumat verə bilərlər. Polis orqanı tərəfindən araşdırma aparılandan sonra müvafiq qərar veriləcək".
ASAN Xidmət də məsələ ilə bağlı bildirir ki, vətəndaşın qeydiyyata alınması üçün ya əmlakı olmalıdır, ya da kirayə qaldığı, eləcə də qohumlarından birinin razılığı əsasında onların yaşadığı mənzilə qeydiyyata düşməlidir.
Vətəndaşların üzləşdiyi bu vəziyyətlə əlaqədar deputat Fazil Mustafanın da fikrini öyrəndik. O, "Qafqazinfo"ya açıqlamasında deyib ki, bu, ciddi və kütləvi problemdir: "Əgər sən vətəndaşın evinin mülkiyyət sənədini vermirsənsə, bəs o nə etsin, harada qeydiyyata düşsün? Axı haradasa qeydiyyatda olmalıdır. Yaxud da imkan yaradılmalıdır ki, öz rayonunda, kəndində normal işlə təmin olunsun. Bununla da vətəndaş Bakıya gəlməsin, yaşadığı ünvanın qeydiyyatına düşə bilsin. Bu adam havada qalmalı deyil axı. Bunların hamısını həll etdikdən sonra qeydiyyatdan çıxarmaq mümkün ola bilər.
Qeydiyyatdan çıxarılma olsa belə, buna görə şəxsiyyət vəsiqəsinin etibarsızlaşması olmamalıdır. Vətəndaşı belə sıxıntılara salmaq problemlərə səbəb ola bilər. Çünki belə vətəndaşlarımız çoxdur. Bu vətəndaşları sərhəddən kənara çıxara bilmərik ki! Bu məsələ çox böyük problemlər ortaya çıxara bilər. Biz qanunverici orqan kimi təcili şəkildə məsələni gündəmə gətirməliyik və problem kompleks şəkildə həll olunmalıdır".
Məsələ ilə bağlı vətəndaşlıq vəziyyətləri üzrə ixtisaslaşmış vəkil Orxan Dadaşovla da əlaqə saxladıq. Vəkillər Kollegiyasının üzvü saytımıza bildirdi ki, sözügüdən məsələ yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə əsasən tənzimlənir: "Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün polis orqanına müraciət etməlidir. Bu zaman o, özü haqqında ərizə-anket, şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (çıxarış, order, icarə və ya kirayə müqaviləsi və s.) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.
Lakin məlumdur ki, bir çox insan bələdiyyə sənədi ilə alınmış, dövlət reyestrindən keçməmiş yeni tikililərdən alınmış və yaxud da özbaşına tikilidə yaşamaqdadır. Bu zaman həmin vətəndaşlar yaşayış yeri üzrə qeydiyyata düşmək üçün müraciət etdikləri zaman göstərilmiş sənədlərdən birini təqdim edə bilmədikləri üçün onlara imtina verilir və məhkəməyə müraciət edə biləcəkləri qeyd edilir.
Fəaliyyət göstərdiyim 1 saylı Asan Xidmət mərkəzində hər gün bu mövzu ilə bağlı dəfələrlə müraciət olunur. Bu halda mən onlara verilmiş imtina əsasında məhkəməyə müraciət etməyi məsləhət görürəm. Çünki Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alınmadan imtina edildiyi üçün növbəti mərhələ məhkəmədə iddianı müdafiə etməkdir".
"Hesab edirəm ki, problemin aktuallığını nəzərə alaraq, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunda dəyişiklik edilə və qeydiyyat üçün tələb olunan sənədlərin siyahısına bələdiyyə sənədi, MTK-larla bağlanmış alqı-satqı müqaviləsi və s. əlavə edilərsə, problemin böyük hissəsi həllini tapa bilər. Çünki hazırki vəziyyətdə şəxsiyyət vəsiqəsi deaktiv edilmiş şəxs məhkəməyə müraciət etdikdə məcburdur ki, prosesdə də özü iştirak etsin. Şəxsiyyət vəsiqəsi deaktiv edildiyi üçün vəkilə və ya nümayəndəyə etibarnamə də verə bilmir. Sadə etibarnaməni verə bilməyən şəxsin digər bütün işlərində də problemlər yaranacağı aydındır.
Əlavə olaraq da məhkəmədə problemin həll olacağı da sual altındadır. Bu qədər insanın məhkəməyə müraciəti də oradakı iş yükünü artırır və nəticədə bütün proseslərin baxılması uzanır. Ona görə də bu barədə qanunvericilikdə dəyişiklik olacağına ümid edirəm", - vəkil qeyd edir.
Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur. İstifadəçilər bildirirlər ki, bu günə qədər daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrinə müraciət edərək orada müvəqqəti qeydiyyata düşə bilirdilər. Lakin son bir neçə gün ərzində bu qeydiyyat kütləvi şəkildə ləğv edilib.
Bir vətəndaşı şəxsiyyət vəsiqəsiz qoymaq həm də onu bütün sənədləşmə işlərindən məhrum etmək, hüquqlarını pozmaq deməkdir. Məsələnin insan hüquqlarının pozulması aspektindən şərh etməsi üçün Ombusman Aparatına müraciət etdik. Qurumdan bildirildi ki, son zamanlar Ombudsmana ünvanlanmış bir sıra fərdi müraciətlərdə vətəndaşlar polis orqanlarının inzibati binalarından qeydiyyatdan çıxarıldıqlarını bildirib, məsələnin həllində köməklik göstərilməsini xahiş ediblər: "Qeyd olunan müraciətlərin hər biri üzrə tərəfimizdən araşdırmalar aparılıb, aidiyyəti qurumlara müvafiq sorğular göndərilib, nəticədə bir sıra vətəndaşın qeydiyyatı bərpa edilib. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55s saylı Sərəncamının tələblərinə əsasən, yaşayış yeri olmayan vətəndaşlar Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməli və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin "yaşayış yeri" qrafasında həmin ünvan şərti olaraq göstərilməlidirdir.
Müraciətlərin təhlili zamanı müəyyən edilib ki, bəzi hallarda ərizəçilərin istifadəsində yaşayış yeri mövcuddur, lakin həmin yaşayış sahəsinin sənədləri olmadığından onların həmin yer üzrə qeydiyyata alınması mümkün olmayıb. Bu hallarda, Nazirlər Kabinetinin müvafiq Sərəncamının tələbləri yaşayış yerləri olan həmin şəxslərə şamil edilməyib. Ombudsman Aparatına daxil olmuş hər bir fərdi müraciətlə bağlı görülmüş tədbirlər və nəticələri barədə müraciət müəlliflərinə məlumatlar verilib".
Sonda qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi çoxsaylı qərarlarında (o sıradan Azərbaycanla bağlı) bəyan edib ki, dövlət vətəndaşın hətta icazəsiz olaraq tikdirdiyi mülkünün mövcudluğuna uzun müddət göz yumubsa, onunla bağlı kommunal xidmətləri, rüsumları qəbul edirsə, bu o anlama gəlir ki, həmin mülkün qanuniliyini tanıyır. Tanıyırsa, deməli həmin mülkə mülkiyyəti təsdiqləyən sənədi verməlidir. Sahə müvəkkili isə (polis zabiti) bunu etmir, həmin mənzildə yaşayan vətəndaşı cərimələyir (30 manat).
Uzun sözün qısası, Bakıda əksər insanın kirayədə yaşadığını nəzərə alsaq, ev sahibləri kirayənişinləri müvvəqqəti qeydiyyata almaqdan çəkinməməlidirlər. Müvəqqəti qeydiyyat yalnız onun üçündür ki, dövlət vətəndaşını axtaranda yerini rahat tapa bilsin. Sənədi olmayan mənzillərdə qeydiyyat probleminin həlli yolunu isə dövlət özü tapmalıdır. Sənədi olmayan mülkün mövcudluğunu (qanuniliyini) de-fakto tanıyırsa, ora müvəqqəti qeydiyyata da razı olmalıdır. Ya da şəxsi həmin ərazinin polis şöbəsində qeydiyyata salmalıdır. Dövlət hər kəsə öz ölkəsinin istənilən yerində sərbəst yaşaya bilmək haqqını təmin etməlidir. Bu, vətəndaşın əsas konstusion hüququdur.
Milli.Az