Xilasedicilərimiz 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxarıblar - Axtarışlar davam edir - VİDEO - FOTO

14 Fevral 2023 10:02

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Milli.Az