Böyrəklərin sadə kistaları.

23 Fevral 2023 03:03

Böyrəklərin solitar (sadə) kistası böyrəklərin ən müntəzəm təsadüf olunan kistoz xəstəliklərindən sayılır. Kistalar mayeli törəmələr olub, böyrək parenximasını, damarları, kasacıq-ləyən sistemini sıxır, orqanın bir hissəsini atrofiyaya uğradır. Bu cür kistalar böyrəyin həm quruluşunun, həm də funksiyasının pozulmalarına səbəb olur. Hər hansı nefronun kanalcığının strukturunun pozulması nəticəsində onun tutularaq sidiyi xaric edə bilməməsi nəticəsində yaranır. Kista həm bir böyrəkdə, həm də iki böyrəkdə eyni vaxtda ola bilir. Böyrəyin müxtəlif qütblərində yerləşir. Formasına görə dairəvi, oval olur. Kistaların möhtəviyyatı seroz maye, bəzən irinli, qanlı ola bilir. Böyrəyin uzunmüddətli iltihabi proseslərindən sonra bu cür kistalar müşahidə oluna bilir.
Klinikası:
Xəstliyin spesifik əlamətləri yoxdur. Kiçik ölçülü kistalar heç bir kliniki əlamət vermirlər. Böyük ölçülü kista olduqda xəstənin bel nahiyyəsində ağrılar, mikrohematuriya, arterial təzyiqin yüksəlməsi, bəzən bədən hərarətinin yüksəlməsi, polisistemiya və üşütmə olur.
Diaqnozun qoyulmasında USM və rentgenoloji müayinə üsullarının həlledici rolu vardır.
Müalicəsi:
Kiçik ölçülü kistalar olduqda və xəstəyə heç bir narahatçılıq vermədikdə müalicə tələb olunmur. Böyük ölçülü kistalar olduqda isə kistalar USM nəzarəti altında punksiya edilir, içindəki möhtəviyyat sorulur. Ehtiyac olduqda cərrahi müdaxilə, kistanın kəsilməsi, rezeksiyası əməliyyatı aparılır.

Milli.Az