Könüllü gənclərimiz Naxçıvandan qardaş Türkiyəyə yollanıb - FOTO

11 Fevral 2023 11:45

Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən başladılan genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.

Milli.Az xəbər verir ki, bu gecə paytaxt Bakıdan muxtar respublikaya gələn "ASAN Könüllüləri", "Gənc Könüllülər", "BİR Könüllü", "Aqrar İnkişaf Könüllüləri", "Böyük Qayıdış" könüllüləri və "Ekokönüllülər" təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra muxtar respublikanın Gənclər Fondundan Naxçıvan könüllüləri ilə birgə 100 nəfərdən ibarət heyətlə qardaş ölkəyə yola salınıb.

Müsahibə verən gənclər zəlzələdən zərər görmüş insanlara mənəvi-psixoloji dəstək göstərmək, qarşıya qoyulan tapşırıqları canla-başla yerinə yetirmək üçün səylə çalışacaqlarına söz veriblər.

Gənc könüllülərimiz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə zərər çəkmiş vətəndaşlara əsasən yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Qeyd edək ki, könüllülərin yola salınması Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub. Bununla yanaşı İttifaq tərəfindən toplanılan humanitar yardım da zəlzələ bölgəsinə göndərilib.

Milli.Az