"Azərbaycan pensiya məbləğinin alıcılıq indeksinə görə MDB-də birincidir"

10 Fevral 2023 20:21

Azərbaycan pensiya məbləğinin alıcılıq indeksinə görə MDB-də birincidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

H.Məmişov deyib ki, əmək pensiyasi sahəsində aparılan islahatlar beynəlxalq miqyasda da artıq kifayət qədər ciddi nəticələrin olmasına imkan yaradıb.

"Nominal pensiya məbləğlərinə görə isə hazırda MDB məkanında ikinci yerdəyik. Son bir ildə əmək pensiyasına çəkilən xərclərdə 960 milyon manat artım olub" - deyə əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Məsələn, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat artırılmaqla 458,8 manata çatdırılacaq, yanvar ayının 58,8 manat artımı da fevral ayında veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.

Milli.Az