İcbari Sığorta Bürosu

24 Aprel 2012 11:03
Azərbaycanın sığorta bazarı hazırda fəal inkişaf və yüksəliş dövrünü yaşayır. İcbari sığorta bu tərəqqinin əsas amillərindən biridir. Sığorta sahəsində aparılan son araşdırmalara görə, icbari sığortanın sürətli inkişafı könüllü sığorta növlərinin inkişafına da mühüm təkan verib.
"İcbari sığortalar haqqında" 24 iyun 2011-ci il tarixli Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2011-ci ilin noyabr ayında İcbari Sığorta Bürosu təsis edilib.

Məhz bu təşkilatın yaradılması sığorta bazarında mühüm canlanmaya səbəb oldu. Büro "İcbari sığortalar haqqında" Qanunla təsbit olunmuş tələblər çərçivəsində fəaliyyət göstərən hüquqi şəxslərin ittifaqıdır. Onun məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarını müdafiə etmək, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək, habelə qanunla nəzərdə tutulan funksiyaları həyata keçirməkdən ibarətdir.
Ümumiyyətlə, icbari sığorta bütün dünyada geniş yayılmış təcrübədir. Belə ki, bir çox Avropa ölkələri  bu sahədə xidmətlərin dairəsini daim genişləndirməklə yerli əhalinin və sığortaçıların himayə olunması məqsədilə bu praktikanı tətbiq edirlər.

Azərbaycanda İcbari Sığorta Bürosu öz iştirakçılarına daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin fərdi icbari qəza sığortası növlərini həyata keçirməyə imkan verir.

Cari vəziyyət

Hazırda Büronun iştirakçı sığortaçıların reyestrinə 11 sığorta şirkəti - "Atəşgah" Sığorta Şirkəti, "Standard Insurance" Sığorta Şirkəti, "Alfa Sığorta", "AzSığorta", "AXA MBASK" Sığorta Şirkəti, "Paşa Sığorta", "Xalq Sığorta", "АtаSığorta", "Meqa Sığorta" , Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti və "İpək Yolu Sığorta" daxildir.
İcbari Sığorta Bürosunun müvafiq sığorta növünü həyata keçirməyə icazəsi olan 10 iştirakçısı tərəfindən cari ilin I rübü ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 146,5 min sığorta müqaviləsi bağlanıb, bunlardan 42,8 minini xarici ölkədə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı 1 (bir) ay müddətinə bağlanan sığorta müqavilələri təşkil edir.  Bağlanmış sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləği  11,1 milyon manat olub.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə yanaşı, daşınmaz əmlakın, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası və sərnişinlərin fərdi qəza sığortası icbaridir.

Daşınmaz əmlak üzrə - hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruksiya elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərə, bəzək elementlərinə, həmçinin bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərin ödənməsinə təminat verir.

Bundan başqa, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlakın - binaların, tikililərin, qurğuların, ərazilərin sığortası nəzərdə tutulur.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən, həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına, əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Vətəndaşların məlumatlandırılması

Əhalinin sığorta sisteminin potensial imkanları barədə zəif məlumatlandırılması bütövlükdə sığorta bazarının inkişafına mənfi təsir göstərir. "İcbari sığortalar haqqında" qanuna müvafiq olaraq Büro əhali ilə daimi əlaqəni təmin etmək  məqsədilə SMS məlumatlandırmanı tətbiq edib. Bu, bağlanmış icbari sığorta müqaviləsinin mövcudluğu barədə və həmin müqavilədə əks olunan  məlumatları mobil rabitə vasitəsilə əldə etmək imkanını təmin edir.

Hazırda "Azercell", "Azerfon" və "Bakcell" abonentləri 9707 qısa nömrəsinə SMS göndərməklə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi"ndən məlumat əldə edə bilərlər. Sığorta şəhadətnaməsi qüvvəyə mindiyi vaxtdan etibarən (yəni sığorta müqaviləsinin bağlandığı gün, saat 00:00-dan sonra) baş verən yol-nəqliyyat hadisələri zamanı abonent mülkiyyətində olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını 9707 nömrəsinə SMS-lə göndərməklə sığorta şəhadətnaməsinin etibarlı olub-olmaması, sığorta şirkətinin adı və onun telefon nömrələri ilə bağlı yazılı məlumat ala bilər. Həmçinin, sığorta şəhadətnaməsinin nömrəsini göndərməklə onun hansı sığorta şirkətinə aid olması və etibarlılıq müddəti barədə məlumat almaq mümkündür.

Yalnız 16.12.2011-ci il tarixdən etibarən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi" vasitəsilə bağlanmış sığorta müqavilələri barədə SMS vasitəsilə məlumat almaq mümkündür. Bir SMS-in qiyməti 0.20 AZN təşkil edir.

Kompensasiyaların ödənilməsi

İcbari sığorta növləri üzrə üçüncü şəxslərə ödənişlərin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən Büronun qarşısında duran ən vacib vəzifələrdən biridir.
"İcbari sığortalar haqqında" Qanuna müvafiq olaraq 18.04.2012-ci il tarixdən, saat 00:00-dan etibarən baş vermiş yol-nəqliyyat hadisələri zamanı sağlamlığına zərər dəymiş şəxslərə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlanıb.

Büro tərəfindən Azərbaycan Respublikasının ərazisində baş verən yol-nəqliyyat  hadisələri nəticəsində sağlamlığa  dəyən zərərlə bağlı kompensasiya ödənişləri aşağıdakı hallarda həyata keçirir:

•    icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda (zərərçəkənin zərərin əvəzinin ödənilməsi ilə bağlı yol-nəqliyyat hadisəsində zərərvurana qarşı irəli sürdüyü tələb təmin edilmədikdə)

•    üçüncü şəxsin sağlamlığına naməlum avtonəqliyyat vasitəsilə zərər vurulduqda (avtonəqliyyat vasitəsi hadisə yerindən qaçdığı halda)

Kompensasiya ödənişi zərərçəkənin və yaxud zərərçəkənin səlahiyyətli nümayəndəsinin Büroya yazılı müraciəti əsasında həyata keçirilir.

Kompensasiya ödənişlərinin alınması üçün müraciət qaydası və tələb olunan sənədlərin siyahısı ilə bağlı daha ətraflı məlumatı İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsindən (www.isb.az) və (012) 595-00-20 telefon nömrəsinə zəng etməklə əldə etmək olar.
Dünya təcrübəsi sübut edir ki, cəmiyyətdə sığortanın inkişaf səviyyəsinin yüksək olması iqtisadi inkişafın mühüm göstəricilərindən biridir.

İcbari Sığorta Bürosunun fəaliyyəti Azərbaycanda sığorta mədəniyyətinin formalaşmasına müsbət təsir göstərib. Əgər əvvəllər vətəndaşlar sığortanın zəruriliyini anlamayaraq sığorta şirkətlərinə az etimad göstərirdilərsə, hazırda vəziyyət köklü surətdə dəyişməyə başlayıb. İcbari sığortanın qərb standartları, yəni vətəndaşların könüllü olaraq əmlaklarını sığortalamaları artıq Azərbaycana da doğmalaşıb.