Azərbaycan vətəndaşları Türkiyəyə yardım göndərir - VİDEO

7 Fevral 2023 15:05

Azərbaycan vətəndaşları Türkiyəyə yardım göndərir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vətəndaşlar Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə müxtəlif ləvazimatlar toplamağa başlayıb.

Qeyd edək ki, Türkiyənin Bakıdakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Yardımlar Bakıda "Doğtaş" mebel mağazasında toplanır.

Bundan başqa əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər. (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17)

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.

Türkiyədə 7 günlük matəm elan olunub.

Milli.Az