"Səsinə qurban, susma! Susma, danış!" - Zəlzələnin faciələri - FOTO

7 Fevral 2023 10:40

Türkiyədəki məşum zəlzələlər nəticəsində həlak olanların sayı 2 921, yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Kahramanmaraş şəhərində dünən səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin bir çox bölgəsində hiss olunub. Günorta saatlarında şəhərdə yenidən 7,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu gün də xilasetmə işləri davam edib.

Hatayın mərkəzində çökmüş binanın dağıntıları altından 6 yaşlı Zöhrə çıxarılıb.

Zöhrənin səsini hamıdan əvvəl atası Mehmet eşidib.

"Qızım, susma, qorxma! Səsinə qurban, susma! Susma, danış!" deyərək 6 yaşlı qızını sakitləşdirməyə çalışan ata hönkürərək ağlasa da, son anadək ümidini kəsməyib.

Bu gün Türkiyədə səhər saatlarından etibarən 234 nəfər dağıntılar altından çıxarılaraq xilas edilib.

Türkiyə ilə yanaşı, Suriyada da zəlzələ dəhşətli dağıntılara və insan tələfatına səbəb olub.

Hələbdə dünəndən etibarən 124 nəfər xilas edilib.

Orxan Hun
Milli.Az