Səfirin oğlu həbsdəki dələduz şərikinin əfv müraciətindən danışdı

7 Fevral 2023 08:37

Zərərçəkənlər Samir Nuriyevə şikayət yazdı; Elmira Axundovanın və oğlunun adı qarışan dələduzluq işinə görə həbs olunan şəxsin azadlığa buraxılması üçün cəhdlər edilir

Bu ilin mayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı gözlənilən əfv sərəncamı Ramiz Mehdiyevdən qalma komandanı hərəkətə keçirib. İndi də özləri kimi köhnəlmiş üsulları - alveri işə salıb Azərbaycan vətəndaşlarına qarşı külli miqdarda dələduzluq etmiş Elnur İbrahimovu əfvə saldırmaq istəyirlər.

Elnur İbrahimov

Hazırda 9 illik həbs həyatı yaşayan Elnur İbrahimovun əməlindən zərərçəkənlər isə bu gedişata qəti şəkildə etiraz edirlər. Təkcə Elmira Axundovanın oğlu Həbib Axundov şikayətə qoşulmur. Halbuki o da sənəd üzərində Elnur İbrahimovun əməlindən zərərçəkəndir.

Səbəbini özü Qaynarinfo saytına belə deyib:

"Bəli, mən bu işdə zərərçəkənəm. Amma Elnur İbrahimovun Əfv Komissiyasına müraciət etməsindən məlumatlı deyiləm. Zərərçəkənlərin müraciətinə gəlincə, hesab etmirəm ki, bunun effekti olacaq. Ona görə də qoşulmağı düşünmürəm. Bir məqamı da qeyd edim ki, o zaman həmin zərərçəkənlər arasında mənə böhtan atanlar var idi. Mən Binəqədi Rayon Məhkəməsinə müraciət etdim və onların hər biri 100 min manat cərimələndi. İndi də bu iş icraatdadır.

Həbib Axundov

Elnur İbrahimova gəlincə, o, məhkəmədə həqiqəti danışdı, hər şeyi boynuna aldı. O zaman onlar (digər 8 zərərçəkəni nəzərdə tutur - red.) Ali Məhkəməyə müraciət edəndə Elnur İbrahimovun qayınatası xahiş etdi ki, mən şikayətçi olmayım. Onun hər şeyi düz danışmasını nəzərə alaraq, şikayətçi olmadım. Yəni mənə dəymiş ziyanı tələb etmədim, bağışladım. Ona görə də indi dediyiniz müraciətə qoşulmağı düşünmürəm".

Digər zərərçəkənlər Əfv Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə məktub ünvanlayıblar. Məktublarına Elmira Axundova və oğlu Həbib Axundovun səs yazılarını, Elnur İbrahimovla yazışmalarını da əlavə ediblər.

Zərərçəkənlər yazıb:

- Hörmətli Samir Nuriyev!

Elnur İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub. Biz Azərbaycan vətəndaşları olaraq dələduzluqla üz-üzə qalmışıq. Bu gün də külli miqdarda borcun içindəyik. Bakı Ağır Cinayətlər Məhkəməsi bizə qarşı dələduzluq etmiş şəxslərdən yalnız Elnur İbrahimovun barəsində hökm çıxardı. O, 4 ildir ki, həbsdədir və bu günə qədər bizlərə vurduğu 500 min manata yaxın ziyandan 1 qəpik də ödəməyib. Cinayət Məcəlləsinin hazırda qüvvədə olan 73.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Elnur İbrahimov bizə vurduğu zərərdən 1 qəpik belə ödəməyib!

 Hörmətli Samir Nuriyev!

Sizdən xahiş edirik ki, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar veriləcək əfvə fərmanına dələduzluq etmiş və ziyanı ödəməkdən boyun qaçıran Elnur İbrahimovun adının salınmasının qarşısını alasınız.

Bəs Elnur İbrahimov kimdir? Onun əfv üçün müraciəti zərərçəkənlər tərəfindən niyə bunca qəzəblə qarşılanır?

2013-cü ildən başlayaraq o zaman deputat, hazırda səfir olan Elmira Axundovanın xeyir-duası və birbaşa himayəçiliyi ilə oğlu Həbib Axundov xeyli insanı ətrafına toplayıb. Elmira Axundova oğlunun biznes qurduğunu, hər kəsi həmin biznesə pul yatırmağa çağırıb.

Elmira Axundovanın bu çağırışından sonra qeyri-rəsmi məlumatlara görə, 30 milyon, məhkəmə sənədlərinə görə, 10 milyon manata yaxın pul toplanıb. İlk dövrlərdə Həbib Axundov biznes adı ilə pul aldığı insanlara divident verib, onlara verdiyi pulları biznesdən gələn gəlir kimi göstərib. Az müddət sonra isə Elmira Axundova oğlunun pul aldığı insanları toplayıb və "biznes ruxnul" deyib.

Mərəkə də bundan sonra qopub, insanlar pullarını Elmira Axundovadan, onun oğlu Həbib Axundovdan tələb etməyə başlayıblar. Bu vaxt ortaya "günah keçisi" Elnur İbrahimov atılıb.

Həbib Axundov zərərçəkənlərin gözü qarşısında hələ Elnur İbrahimov həbsə alınmazdan əvvəl ona cinayəti boynuna götürməyin qarşılığında aylıq 500 manat boyun olub, özünü isə o zaman Əfv Komissiyasının üzvü olan anası Elmira Axundovanın köməyi ilə cəzadan vaxtından əvvəl azad edəcəyi vədini verib. Bütün bunlar uzaq 2013-cü ildə baş verib. Bu haqda iş üzrə zərərçəkənlərdən Ziya Fərhad oğlu Vəliyevin də ifadəsində olduqca sensasion məqamlar var.

Ziya Vəliyev ibtidai istintaqa verdiyi, məhkəmədə təsdiqlədiyi həmin ifadəsində Elnur İbrahimovun Həbib Axundovla əlaqələrindən bəhs edir, 8 milyonluq cinayəti boynuna alması üçün verdiyi vəd haqda istintaqı məlumatlandırır. Həbib və Elmira Axundovaya görə Elnur İbrahimova pul verdiyini açıqlayır.

Həmin ifadədən sitat:

"Elnurun belə maraqlı təklif etməsinə baxmayaraq mən ona pul vermədim və soruşdum ki, bu işi  kiminlə və necə görür? Elnur isə cavabında dedi ki, "Bu iş monopoliyadadır. Mallar ölkəyə gömrüksüz keçirilir və buna görə də ucuz başa gəlir. Biz də yaxşı qazanc götürürük. Bu işlə cəmi 4 nəfər məşğuldur. Mən bu işləri Həbib Axundovla şərikli görürəm".

Lakin Elnurun belə böyük biznesi təkbaşına qurması və idarə etməsinə əmin olmadığımdan Həbibdən həqiqətən belə iş görüb-görmədiklərini soruşdum. Həbib də mənə Elnurun dediklərini təsdiq edərək onunla birlikdə bu işi gördüyünü bildirdi. Elnurun təklifinin ciddiliyinə bir qədər inandım. Çünki Həbib Axundovu tanıyırdım, onun Dövlət Gömrük Komitəsində işlədiyini, Milli Məclisin deputatı Elmira Axundovanın oğlu olması və Həbibin özünün Elnurun dediklərini təsdiq etməsi məndə Elnura inamı bir qədər də artırdı".

Ziya Vəliyev ifadəsinin davamında Həbib Axundovun Elnur İbrahimova verdiyi vəddən bəhs edib.

Sitat: "Həbiblə Elnur öz aralarında nəsə danışdılar və sonra Həbib maşında Elnura deyirdi ki, "sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən, hər ay sənin ailənə 500 AZN verəcəyəm. Mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni "yarım srok"a "içəri"dən çıxartdıracağam".

 Zərərçəkənlərin Əfv Komissiyasının sədrinə yazdıqları şikayətdən belə aydın olur ki, indi Elnur İbrahimova verilən "yarım srok" vədinin gerçəkləşməsi üçün ciddi hərəkətlilik var. Qanuna görə dələduzluq etmiş şəxs vurduğu zərəri tam olaraq ödəməsə, o, vaxtından əvvəl məhkum olunduğu cəzadan azad oluna bilməz!

Elnur İbrahimovun boynunda məhkəmə hökmü ilə təmin olunmuş mülki iddialar var. Həmin mülki iddialar üzrə vurulmuş zərər ödənməyib.

Yada salaq ki, bu iş üzrə Elnur İbrahimov uzun müddət axtarışda olub. 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. Rusiyaya qaçmazdan əvvəl isə Qəbələdə Elmira Axundova ilə görüşüb. Elmira Axundovanın səs yazılarında həmin görüşdə Elnur İbrahimov ona işlə bağlı "rasklad" verdiyini qeyd edir. Elmira Axundova inkarçılıq mövqeyində dayansa da, bu məsələdən xəbərsiz olduğunu desə də, iş materiallarında Elnur İbrahimovun hər dəfə onun yaşadığı ünvana pul apardığını təsdiq edən telefon yazışmaları, SMS-lər var. Elnur İbrahimov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum olunub.

Milli.Az