Türkiyədəki dəhşətli zəlzələ Azərbaycana da təsir edib? - AÇIQLAMA

6 Fevral 2023 09:37

Türkiyədə baş verən güclü zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur.

Bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

"Zəlzələ qeydə alınan yer Azərbaycandan kifayət qədər uzaqdır, yəni bu hadisə ölkəmizin seysmogen ocaqlarına təsir edib oyada bilməz. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur. Hər gün ölkəmizdə yeraltı təkanlar qeydə alınır. Bu, təbii prosesdir. Lakin təkanların çoxu hiss olunmur. Azərbaycanda güclü zəlzələ gözlənilmir", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 76 nəfəri keçib, 440 nəfər yaralı var.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.

Milli.Az