İntihar edən vəkillə bağlı daha bir xəbər - avtoqəzaya görə həbs olunub, bəraət alıbmış...

6 Fevral 2023 07:19

Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyevin intiharı ilə bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır. Hadisə Sumqayıtda baş verib. Belə ki, vəkil özünü yaşadığı həyətdə qaz borusundan asıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, Vüsal Mirzəyevin üzərindən məktub aşkarlanıb. O, əlyazmada ölümündə heç kəsi günahlandırmamasını qeyd edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, vəkilin intiharında onun 2 il əvvəl törətdiyi yol qəzasından sonra sarsılmasının səbəb ola biləcəyi ehtimalı var. Belə ki, Vüsal Mirzəyev 2021-ci ilin mayında ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi o zaman vəkili 5 il müddətinə azadlıqdan məhrum edib. Vüsal Mirzəyevin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxıb. Məhkəmə ona bəraət verilməsi barədə qərar çıxarıb.

Milli.Az