Marketlər şəbəkəsi və biznes qurumları toksiki ziyan mənbəyidir – Ekspert

4 Fevral 2023 21:46

Polietilen torbaların pullu olacağı ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Məlumata görə, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iri market şəbəkələrinə məktub göndərilib. Qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciəti əsasında qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbaların nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilməsi üçün təcili tədbir görülsün və bunun nəticələri ilə bağlı Dövlət Xidmətinə 5 iş günü ərzində məlumat verilsin.

Polietilen torbaların qadağan olunması və ya pullu olması ilə bağlı məsələ hər il müzakirə olunsa da, nəticəsiz qalıb. Bu il bu qaydaya nə qədər nail olunacağı da mübahisəlidir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, iqtisadçı Akif Nəsirlinin dediyinə görə, qərara əməl olunma dövlət qurumlarının qətiyyətindən asılıdır.

Ekspert bu məsələnin əsasən cəmiyyət üçün faydalı olduğuna diqqət çəkib: "Polietilen torbalar 15 dəqiqədən sonra tullantıya çevrilir. Marketdə alış-veriş zamanı bəzi məhsullar polietilen torbalarda qablaşdırılır. İstehlakçılar evə gələn kimi məhsulları boşaldıb bu torbaları zibilliyə atır. Nəzərə alaq ki, Bakı küləkli şəhərdir, hava dəyişən kimi bu torbalar hər tərəfə yayılır. Dənizin kənarları, parklar, ağacların üstü polietilen torbaların zibilliyinə çevrilir.

Polietilen torbalar torpaqda çürümür. Uzun müddət parçalanmadan təbiətdə qalır və özündən ətraf mühitə toksik maddələr ixrac edir. Bu zərərin qarşısını almaq üçün polietilen torbaların pullu olması vacibdir. Yaxud da marketlər şəbəkəsində bu torbalar qadağan olunmalıdır. Həmin torbaların pullu olması əhalidə vərdişlər yaradar. Məsələn, bir ədədi 5-10 qəpikdən 5 polietilen torba almaqdansa, əhali marketə, bazara alış-verişə gedərkən evdən çanta götürməyə vərdiş edəcək.

Təxminən 20-30 il bundan əvvəl hamının evində bazar sumkaları olurdu. Bazara gedən istehlakçı aldığı məhsulu bu torbalarda evinə daşıyardı. Bu sumkalar təkrar istifadəyə yararlı olduğu üçün atılmırdı. Həmçinin sarı rəngdə kağız torbalar da vardı. Alternativ variantlar kimi, yenə kağız torbalardan istifadəyə keçmək olar".

Akif Nəsirli təklif edir ki, polietilen torbaların pullu olması keçid mərhələ kimi olmalıdır: "Növbəti mərhələdə o torbalar satışdan çıxarılmalıdır. Çünki marketlərdə bundan sui-istifadə edənlər olacaq. Məsələn, harada nəzarət olacaqsa, orada polietilen torbaları 5-10 gün pullu edəcəklər, sonra müştəri cəlb etmək üçün yenidən pulsuz verəcəklər. Ona görə də tədricən bu torbaları sıradan çıxarmaq lazımdır. Beləliklə ətraf mühitimizi də, ekologiyamızı da bu bəladan qurtarmaq lazımdır. Bunun da mənbəyi həmin marketlər şəbəkəsidir. Marketlər uzunmüddətli istifadəyə yararlı çantaların münasib qiymətə satışını təşkil etməlidir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Azərbaycan hökumətinin insanların sağlamlığı, ətraf mühitin qorunması, eləcə də beynəlxalq təşkilatların tələbinin yerinə yetirilməsinə dair çoxsaylı tapşırıqları var.

"Hesab edirəm ki, hökumətin bu qərarları yerinə yetirilmir. Məsələn, tütün məmulatlarından istifadənin azaldılması, duzun yodlaşdırılması, genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) istifadənin qadağan olunması ilə bağlı çoxsaylı qərarlar var. Buraya polietilen torbalardan imtina etmək də daxildir. Qeyd etdiyim kimi, hökumətin əhəmiyyətli qərarları var, amma icra olunmur. Bilməliyik ki, cəmiyyəti insanlar yox, qanunlar idarə edir", - deyə birlik sədri qeyd edib.

Bəs bu qaydalar niyə nəticə vermir?

Eyyub Hüseynov ilk növbədə təmsil olunduğu birliyi günahkar bilib: "Hökumətin, toplumun və ya ailə başçısının yaxşı tapşırıqları ola bilər, bu da ailə üzvləri tərəfindən dəstəklənməlidir. Təəssüflər olsun ki, bu qərarlar ailə üzvləri tərəfindən mükəmməl şəkildə dəstəklənmir. Burada Azad İstehlakçılar Birliyinin də böyük günahı var. Elə iş aparmalıyam ki, istehlakçılar ümumiyyətlə, bu torbalardan imtina etsinlər.

İki il bundan öncə bu qərarın yerinə yetirilməsinə görə, bir layihə həyata keçirdik. Layihə çərçivəsində 500-ə qədər pambıq əsaslı ekoloji təmiz bazar torbası hazırlayıb təmənnasız olaraq əhaliyə payladıq. Bu, çox yüksək qiymətləndirildi. Bundan əlavə, Birlik 2009-cu ildə ətraf mühitə plastik taraların atılması, torbaların ətraf mühiti çirkləndirməsi barədə dövlətin icazəsi ilə nümayiş keçirdi. O vaxtı istehsalçı təşkilatlar qarşısında məsələ qaldırdıq ki, bu tullantıların utilizasiyası həyata keçirilsin. Amma nəticəsi olmadı..."

Müsahibimiz hesab edir ki, biznes qurumları hökumətin onlar üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə edir: "Biznes qurumları sosial tapşırıqları yerinə yetirilməsində hökumətə dəstək olmurlar. Təəssüflər olsun ki, onlar öz məsuliyyətlərini duymurlar.

İki il öncə plastik taraların, qab-qaşıqların məhdudlaşdırılmasına dair qərarlar da olub. Lakin bu da yerinə yetirilmir. Satışda hələ də qadağan olunmuş plastik qablar var.

Ölkəmizdə biznes qurumlarının qazancına şərik olan yoxdur. Yoxlamalar tam məhdudlaşdırılıb. ABŞ-də, Yaponiyada, Rusiyada və başqa ölkələrdə onların qazanclarına şərik olanlar var. Amma ölkəmizdə hökumət bunların qarşısını alıb. Bəs biznes qurumları niyə öz sosial məsuliyyətini dərk etmirlər?

Azad İstehlakçılar Birliyi təklif edir ki, plastik torbalar pulla satılsın, şəffaf olsun, üzərində yazı olmasın. Çünki bu yazılarda ağır metallar var və biz bu biznes qurumlarının zərərli reklamını evlərə daşıyırıq. Bəzən rəngi çıxan bu torbalara uşaqlar da toxunur ki, bu da insanların tədricən zəhərlənməsinə gətirib çıxarır. Ən azı MDB məkanındakı təcrübə yerinə yetirilsin. Əlbəttə, ətraf mühiti təkcə plastik torbalarla yox, yazılarda olan ağır metallarla da zəhərləyirik.

Əvəzində cənub zonasında hazırlanan həsir zənbilləri alternativ kimi təklif etmişik. Cavan olsaydım həmin zənbilləri dünya bazarına çıxarardım. Çünki dünyanın hər yerində dəfələrlə istifadə olunan bu cür zənbillərə ehtiyac var".

Eyyub Hüseynov deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin plastik torbalara qarşı apardığı mübarizə çərçivəsində onu təəccübləndirən və qane etməyən məqamlar da var: "Nazirlik bildirir ki, qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi razılaşdırılır. Düşünürəm ki, bu yanaşma kökündən səhvdir. Belə çıxır ki, qalınlığı çox olan torbalar ekoloji mühitə zərər gətirmir?! Nazirliyin nümayəndələri ilə bu məsələni müzakirə edəndə dedilər ki, nazik torbaları külək başqa yerlərlə uçurur. Bəs qalın torbalar necə, axı onlar da ətraf mühitə atılır?! O da ətraf mühiti zəhərləyir, nə fərqi var?! Söhbət Azərbaycandan, ümumilikdə Yer kürəsindən gedir. Ona görə də Ekologiya nazirliyinin daha nazik torbalarla mübarizə aparmasını paradoksal hesab edirəm. Birmənalı şəkildə bütün polietilen torbalara qadağa qoyulmalıdır".

Birlik sədri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də şikayətini dilə gətirib: "Xidmətin rəhbərliyinə biznes qurumları toplananda məni də dəvət etmələrini və çıxış üçün söz vermələrini xahiş etmişəm. Təəssüf ki, bir dəfə də olsun bunu etmədilər. Bu onu göstərir ki, ölkədə istehlakçı hüquqları tam arxa planda dayanıb. İstehlakçı hüquqlarını qoruyan dövlət orqanı da bu işdə passivdir. Yalnız biznesin tərəfi saxlanılır. Bu, yolverilməzdir. Bazarın şahı istehlakçılardır. Hökumət, dövlət hamı üzünü bizə doğru çevirməlidir. Çünki onları saxlayan biz istehlakçılarıq".

Milli.Az