Milli Gimnastika Arenasında Şağan və Hövsandan olan gənc gimnastların toplanışı keçirilir - FOTO

3 Fevral 2023 16:55

Bakı şəhərində Milli Gimnastika Arenasında Şağan Olimpiya İdman Kompleksinin və Hövsan qəsəbəsində yerləşən "Ocaq Sport" klubunun bədii gimnastika seksiyasının yetirmələri olan gənc gimnastların təlim-məşq toplanışı keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin və Hövsan qəsəbəsindəki "Ocaq Sport" klubunun bədii gimnastika və "Hamı üçün gimnastika" fənni üzrə məşqçisi Ayna Məmmədovanın sözlərinə görə, toplanışlar zamanı gənc gimnastlar təcrübəli məşqçilərdən qiymətli bilik və bacarıqlar əldə edirlər.

"Şağan Olimpiya İdman Kompleksində gimnastika seksiyası 2019-cu ildən, Hövsan qəsəbəsindəki "Ocaq Sport" klubunda isə 2018-ci ildən etibarən fəaliyyət göstərir. Hazırda bu bölmələrdə ümumilikdə 80-ə yaxın idmançı məşğul olur. Gənc gimnastlar məşqlərə böyük şövqlə gəlirlər, onlar burada təcrübəli məşqçilərdən qiymətli bilik və bacarıqlar əldə edirlər. İdmançılarımız qarşıdakı müsabiqələrə böyük həvəslə və çalışqanlıqla hazırlaşırlar. İnanırıq ki, qarşıda bizi böyük nailiyyətlər gözləyir. Toplanışları idmançılar üçün yaradılmış bu cür gözəl şəraitdə keçirməyə yaratdığı imkana görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildiririk", - məşqçi deyib.

Qeyd edək ki, təcrübəli məşqçilərin rəhbərliyi altında gənc gimnastlar ümumi və xüsusi fiziki hazırlıq üzrə məşğələlərdə və predmetlərlə iş texnikası üzrə məşqlərdə iştirak edirlər. Bundan başqa, mütəxəssislər gimnastların proqramlarının təkmilləşdirilməsinə də diqqət ayırırlar.

Milli.Az