"Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert olacaq

2 Fevral 2023 11:25

Fevralın 9-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçiriləcək.

Musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin (Bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev, dirijor - Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar - Respublika və beynəlxalq müsabiqələr laureatları Seymur Mürsəlov (tar), Tahir Əmrahov (tar), Əmirulla Əliyev (tar), Kamran Teymurov (tar), Şəhriyar Mayılzadə (tar), Emin Eminli (tar), Nəzrin Cəfərzadə (kamança), Şamxal Cəbiyev (kamança), Vaqif Hacıyev (kamança), İlkanə Cəfərova (qanun), Aişə Əmrahova (qanun), Təhminə Oruclu (səntur), Nərgiz Mütəllibova (fleyta), Rüfət Həsənov (klarnet), Orxan Soltanov (balaban), Elşad Şıxaliyev (balaban) öz ifalarının dinləyicilərə təqdim edəcəklər.

Proqramda Azərbaycan, Rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Filarmoniyanın direktoru, professor, Azərbaucan Respublikasının Xalq artisti Murad Adıgözəlzadənin sözlərinə görə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gənc istedadlı musiqiçilərə hər zaman xüsusi diqqət göstərir. Məhz bu məqsədlə hər ay Filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə birgə "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı silsilə konsertlər keçirilir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az