Bakıdan erməniləri ÇƏKİNDİRƏCƏK ADDIM - BÖYÜK OYUN başladı

31 Yanvar 2023 13:02

Azərbaycan o dövlətlərdəndir ki, dünyaya daim dostluq, tərəfdaşlıq, sülh mesajı ilə diqqət mərkəzinə düşür. Rəsmi Bakı siyasi müttəfiqlərinin, dostlarının sayını artırmaqda, ikitərəfli səmimi münasibətlərin qurulmasında ən maraqlı tərəflərdən biri hesab edilə bilər.

Bunu elə İlham Əliyevin son zamanlar Balkan ölkələri, (Ötən ilin dekabrında ölkəmizin başçısının Şərqi Avropa ölkələrindən Albaniya və Serbiyaya səfərləri baş tutmuşdu) Albaniya, Serbiya, Bolqarıstan və Rumıniyaya, ən son isə Macarıstana səfəri təsdiq edir. Bu da həmin səfərlərin silsilə xarakterli odluğunu, Azərbaycanın digər regionlarda, coğrafiyalarda yerləşən dövlətlər kimi Balkan ölkələrilə də sıx əlaqə qurmaqda marağından xəbər verir. 

Azərbaycan Prezidentinin Macarıstana səfəri olduqca əhəmiyyətlidir. Unutmaq olmaz ki, Macarıstan Avropa İttifaqında öz prinsipiallığı ilə seçilən, siyasi status daşıyan bir dövlətdir. Bunu da xüsusilə qeyd etmək lazımdır ki, Macarıstan yeganə Avropa ölkəsidir ki, artıq 5 ildir Türk Dövlətlər Təşkilatında müşahidəçi qismində çıxış edir və bu təşkilatla münasibətlərinin daha da inkişafında maraqlı olduğunu hər addımından nümayiş etdirir. Bu məsələdə Budapeşt də çox yaxşı anlayır ki, rəsmi Bakının rolu danılmazdır. 

İki ölkə arasında artan xətt üzrə hər sahəni əhatə edən əlaqələr son illər Macarıstan ilə Azərbaycanın münasibətlərinin artıq strateji müttəfiqliyə çatmasında müstəsna rol oynamaqdadır. İki dost ölkə liderlərinin budəfəki səfər çərçivəsində imzaladığı sənədlər də bu deyilənlərin təsdiqidir.

Xüsusilə Ukrayna-Rusiya müharibəsi fonunda Avropada yaranan enerji böhranını önləmək adına da Bakı və Budapeştin birgə fəaliyyəti diqqət çəkir. Belə ki, Avropa enerji bazarına çıxışında Budapeşt Bakının ən etibarlı, sadiq partnyorudur. Hazırda Avropa və Macarıstanda enerji təhlükəsizliyi ilə bağlı prinsipial qərarlar qəbul edildiyi vaxtda Macarıstan ötən il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq marağında olduğunu qeyd etmişdi. Bu da təsadüfi feyil ki, artıq Macarıstanın Azərbaycana investisiyasının həcmi bir milyard dolları keçib ki, bu ötən illərlə müqayisədə olduqca böyük rəqəmdir. 

Əliyevin Budapeşt səfəri çərçivəsində bununla bağlı artıq detallı və konkret müzakirələr də aparılıb. Daha konkret desək, Macarıstana səfərdə enerji sahəsidə əməkdaşlıq məsələsi də müzakirə edilən mövzular arasında yer alıb. Bakı TAP VƏ TANAP-la Avropaya neft və qaz nəql edir. Bakı bu layihələrin  genişləndirilməsində maraqlıdır. Bunun üçün isə investisiya lazımdır. TAP layihəsinin digər qollarının inkişafı üçün Macarıstan kimi ölkələrin dəstəyi və əməkdaşlığı olduqca önəmli məsələdir.

Azərbaycan yaxın dostları sayəsində müxtəlif istiqamətlərdə qlobal geosiyasi proseslər fonunda mövqeyini daha da möhkəmləndirmək, əlini gücləndirmək adına hazırda çox önəmli gedişlər edir. Belə ki, rəsmi Bakı təbii qazının alıcılarının coğrafiyasını genişləndirməklə (Bu gün həmin ölkələrin sayı artıq ona çatır) həm ölkəyə maliyyə axınının artmasını təmin etmiş olur, həm də onu dinləyəcək, səsinə səs verəcək dövlətlərin sayına yenilərini əlavə edir.

Bakıya qarşı artan ermənipərəst qüvvələrin təzyiqləri fonunda İlham Əliyevin Macarıstan səfəri xüsusilə önəmlidir. Avropa Parlamentinin son zamanlar heç bir əsası olmayan, qərəzli bəyanatları zəmin yaradır ki, Bakı onu dəstəkləyəcək, ətrafını gücləndirəcək müttəfiq, dost dövlətlərin özünə olan dəstəyini artırmaq üçün beynəlxalq münasibətlərinə daha çox zaman ayırsın. Bu mənada Azərbaycana qarşı qəbul edilməsi istənilən qətnamələrin qarşısını almaq nöqteyi nəzərdən Macarıstan kimi öz mövqeyi olan, müstəqil siyasət yürütməyi bacaran bir Avropa dövləti ilə münasibətləri inkişaf etdirmək olduqca önəmli məsələdir. 

Çünki Macarıstan bu gün bir çox təşkilatlarda aparıcı güclərdəndir. Bu səfər Azərbaycanın olmadığı təşkilatlarda bundan sonra da Bakının marağını müdafiə etmək adına böyük töhfə olacaq. Budapeştdə aparılan danışıqlar, imzalanan sənədlər yaxın perspektivdə Azərbaycanın həm geosiyasi, həm də geoiqtisadi sferada ciddi uğurlar qazanmasında böyük pay sahibi ola bilər. 

Təhməz Əsədov
Milli.Az