Azərbaycanda dövlət satınalmalarında KOB-un payı 95 faiz olub

31 Yanvar 2023 12:38

2022-ci ildə Azərbaycanda dövlət satınalmalarında mikro, kiçik və orta biznes subyektlərinin payı 95 faiz təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Dövlət satınalmalarının ümumi məbləği 6,779 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 767,5 milyon manat, yaxud 12,8% yüksəkdir", - o deyib.

M.Abbasbəyli müsabiqə müraciətlərinin ümumi məbləğinin 4,5 milyard manat təşkil etdiyini vurğulayıb ki, bu da inişilki göstəricidən 1,854 milyard manat və ya 70,1% yüksəkdir.

"Müsabiqə müraciətləri çərçivəsində açıq tenderlər üzrə ümumi məbləğ 2,226 milyard manat, elektron açıq tender üzrə 1,204 milyard manat, kotirovka sorğuları üzrə 67,9 milyon manat, təklif sorğuları üzrə isə 1,002 milyard manat təşkil edib", - o əlavə edib.

M.Abbasbəyli əlavə olaraq, elektron satınalmaların həcminin 1,272 milyard manat (18,8%) təşkil etdiyini bildirib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda antinhisar məsələləri və haqsız rəqabət halları üzrə qaldırılan işlərin sayı 2021-ci illə müqayisədə üç dəfə, bağlanmış işlərin sayı isə 2,2 dəfə artıb. 2022-ci ildə bütünlükdə 48 işə baxılıb ki, 2021-i ildə bu göstərici 22, 2020-ci ildə isə 6 olub. 2022-ci ildə qaldırılan işlərin sayı 60, 2021-ci ildə 20, 2020-ci ildə isə 9 olub.

Milli.Az