Qadağan edilmiş obyekti qaranlıqda tikirmişlər - VİDEO - FOTO

31 Yanvar 2023 14:48

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.

Milli.Az