Tehranda səfirlərin "köç"ü başlandı - EKSKLÜZİV

30 Yanvar 2023 12:54

İran İslam Respublikasının paytaxtı Tehranda ən yaxın zamanlarda 5 ölkənin səfirliyi diplomatik fəaliyyəti dayandıra bilər.

Milli.Az-ın əldə etdiyi məlumata görə, həmin ölkələrdən üçü Avropa İttifaqına daxil dövlətlərdir.

Daha 4 səfirlik isə əməkdaşlarının sayının zəruri minimuma endirəcək.

Azərbaycan səfirliyinə qarşı terror hücumu ardından da İranda baş verən hadisələr, müxtəlif vilayətlərdəki raket hücumları bir sıra ölkələrin səfirliklərini də ölkəni tərk etməyə vadar edə bilər.

Konsulluqlara gəldikdə isə, bu sahədə də analoji qərarların qəbul ediləcəyi gözlənilir.

Tehrandakı diplomatların dediklərinə görə, İran paytaxtı artıq təhlükəsiz şəhər deyil və diplomatik missiyaların əməkdaşları, xüsusilə də onların ailə üzvlərinin təhlükəsizliyinin təminatı qənaətbəxş deyil.

"İranın müvafiq dövlət qurumları bu prosesə bilavasitə cavabdehdir və Tehran imzaladığı, "Diplomatik təmaslar haqqında" Vyana konvensiyasına tam riayət etmir.

1961-ci ildə qəbul edilmiş həminq konvensiya bütün üzv dövlətlərdən ərazisindəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinin tam təminatını tələb edir. Biz isə, açıq desək, bu məsələdə Tehrana bel bağlamırıq", - Tehrandakı əcnəbi diplomatlardan biri Milli.Az-ın əməkdaşına bildirib.

Orxan Hun
Milli.Az