Nərimanovda bu binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - VİDEO

30 Yanvar 2023 14:51

Bakının Nərimanov rayonunda 2 bloklu 16 mərtəbəli binanın sakinləri illərdir mənzillərinə çıxarış ala bilmirlər. 90 ailənin yaşadığı binanın sakinləri iddia edirlər ki, MTK sahibi dünyasını dəyişdiyindən prosesdə çətinliklər yaranıb. Bu isə onlar üçün problemlər yaradır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Nərimanov rayonu, Fətəli Xan Xoyski 90-92 ünvanında yerləşən "Səbinə" MTK-ya məxsus binadan gedir.

Sakinlər həm də MTK-nın fəaliyyətsizliyindən narazıdırlar. Onlar iddia edirlər ki, MTK sahibi dünyasını dəyişib və bina ilə maraqlanan yoxdur.

Sakinlər məsələni həll etmək üçün müştərək cəmiyyət yaratmağa qərar veriblər. Lakin bina istismara verilmədiyindən bu məsələdə də problemlə üzləşiblər. İddialara görə,  MTK sahibi olmadığından və bu öhdəliyi üzərinə götürən şəxs isə məsələdən yayındığından problemi həll etmək mümkün olmur.

Məsələnin həlli üçün isə Bakı Dövlət Memarlıq və Tikinti Nəzarəti Müfəttişliyinə müraciət ediblər. Qurumdan bildirilib ki, MTK adından sakinlərin müraciəti olub, lakin prosesin icrası üçün tələb olunan sənədlərdə çatışmazlıq olduğundan məsələ yarımçıq qalıb.

Hüquqşünaslar isə deyirlər ki, MTK sahibi məsələdən yayındığı və ya lazımi sənədi verməkdən imtina etdiyi halda sakinlər məhkəməyə müraciət edə bilərlər.

Həmin videomaterialı təqdim edirik:

Milli.Az