Sankt Moritzdə Qarüstü Polo turniri başa çatıb - VİDEO - FOTO

30 Yanvar 2023 10:35

İsveçrənin Sankt Moritz şəhərində 38-ci qarüstü polo üzrə dünya kuboku başa çatıb.

Yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə "Land of Fire" komandası təmsil edib.

Komandamız keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub etmiş və turnirin final qarşılaşmasında İsveçrənin "Sankt Moritz" komandası ilə üz-üzə gəlib.

Yanvarın 29-da baş tutmuş final oyunu gərgin mübarizə şəraitində keçmişdir. Oyunun əsas vaxtı heç-heçə tamamlanmış, əlavə olunan vaxtda yerli azarkeşlərin rəqib komandanı dəstəkləməsinə baxmayaraq, "Land of Fire" komandası prinsipial oyunda qızıl topu vuraraq 6-5 hesabı ilə qələbə qazanıb.

Bununla da Azərbaycan poloçuları növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi olublar.

Tədbirin sonunda idmançılarımıza turnirin kuboku və xatirə hədiyyələri təqdim olunub.

Milli.Az