İran öz hərbi obyektlərinə hücum edib - New York Times

29 Yanvar 2023 21:57

"The New York Times" qəzeti İranın İsfahandakı hərbi infrastrukturunu vuran pilotsuz uçuş aparatlarının niyə İrandan buraxıldığını izah edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hərbi zavod dörd vinti olan zərbə kvadrokopterlərinin hücumuna məruz qaldı, onların xüsusiyyəti qısa uçuş məsafəsinə malik olmasıdır.

"Yerli KİV-lər hücumda üç pilotsuz təyyarə iştirak etdiyini və 2021-ci ilin iyununda İran Atom Agentliyinin nüvə sentrifuqa zavoduna edilən hücuma və 2019-cu ilin avqustunda "Hizbullah"ın Beyrutdakı obyektinə edilən hücuma bənzədiyini bildirib. Son zərbə nəticəsində İsrail rəsmilərinin "Hizbullah"a raket istehsalı üçün həyati əhəmiyyət daşıdığını andlandırdığı avadanlıqlar məhv edilib", - deyə məqalədə bildirilib.

Bundan əlavə, qeyd edilib ki, İsfahan İranın beynəlxalq sərhədlərindən çox uzaqdadır və bu, bir daha göstərir ki, çox güman ki, PUA-lar İran ərazisindən buraxılıb.

Müəllif xatırladıb ki, hökumət hücum cəhdinin arxasında kimin dayandığını açıqlamayıb, lakin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli bəzi "Telegram" kanalları İsrailə işarə edib.

Bu arada, bazar gününə keçən gecə İranın hərbi infrastruktur obyektlərində silsilə güclü partlayışlar baş verib. Bir sıra şəhərlərdə hava xəbərdarlığı elan edilib.

"2023-cü il yanvarın 28-də axşam saatlarında Müdafiə Nazirliyinin mərkəzlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum həyata keçirilib. Onlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə qoruyucu tələyə düşərək partlayıb", - deyə İran Müdafiə Nazirliyindən bildiriblər.

Milli.Az