Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirildi - YENİLƏNİB - FOTO

29 Yanvar 2023 22:29

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Göyərtəsində Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin də olduqları təyyarə saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Ümumilikdə 53 nəfər təxliyə olunub.

Xatırladaq ki, yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.

Qeyd edək ki, terrorçu tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağı istisna edilmir.

Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dərhal tviter hesabında paylaşım edərək bu xain terror aktını şiddətlə qınayıb, hücumun tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatında baş verənlərin terror aktı olduğunu qeyd edib və bu hücumla bağlı hərtərəfli təhqiqat aparılması və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.

20:07

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb isə İran tərəfinin tələbi olub.

19:31

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

Səfirlik əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən təyyarə yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

17:18

Şəhid Orxan Əsgərovun cənazəsi uzun sürən maneələrdən sonra təhvil verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu haqda "Mouze" Teleqram kanalı məlumat yayıb.

--------

16:31

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Milli.Az