NATO Azərbaycan səfirliyinə hücumu pisləyib

28 Yanvar 2023 20:29

NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.

"NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk", - tvitdə bildirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Milli.Az