BƏƏ Tehrandakı səfirliyimizdə törədilən terror aktını qınadı

27 Yanvar 2023 18:19

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyində əməkdaşlardan birinin ölümü və digərlərinin yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyib və beynəlxalq qaydalara uyğun olaraq diplomatik binaların qorumasının təmin olunmasının vacibliyini vurğulayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Əmirliyin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin məlumatında qeyd edilib.

"Təhlükəsizlik və sabitliyə xələl gətirməyə yönəlmiş, mənəvi və insani dəyərlərə və prinsiplərə zidd olan bütün zorakılıq və terror formalarını daima qınayırıq. Azərbaycan Respublikası hökumətinə və onun dost xalqına, bu ağır cinayətin qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik", - deyə məlumatda qeyd olunur.

Milli.Az