Podolyak 44 günlük müharibə ilə bağlı erməni feykini təkzib edib

25 Yanvar 2023 23:18

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Azatutyun"a müsahibəsində bildirib ki, Ukrayna Azərbaycana Qarabağ müharibəsində istifadə olunacaq silahlar tədarük etməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, jurnalistin Ukraynanın Azərbaycana Qarabağ müharibəsində istifadə olunan silahlar, xüsusən də fosfor bombalarını verib-verməməsi ilə bağlı sualına Podolyak mənfi cavab verib və Ukraynanın rəsmi olaraq neytral statusa malik olduğunu və silahların istənilən yerə, xüsusən də qaynar nöqtələrə çatdırılması imkanlarını minimuma endirdiyini bildirib.

"Ukrayna rəsmi olaraq neytral statusa malikdir. Və imkan daxilində biz hər yerə, xüsusən də münaqişə nöqtələrinə silah tədarükü imkanlarını minimuma endirmişik. Bəli, bizim silah satışı seqmentimiz var idi, lakin bu, adətən tam müqavilələr, ixrac nəzarəti və s. olan "bəyaz" silah satışı idi. Münaqişəni qızışdırmaq və ya təhrik etmək məqsədilə bu və ya digər ölkənin mübahisəli, münaqişəli vəziyyətlərində iştirakının mənası yoxdur", - deyə Podolyak bildirib.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan diaspor təşkilatlarının nümayəndələrinin köməyi ilə Azərbaycanın guya fosfor bombalarından istifadə etdiyi barədə xaricdə feyk xəbərlər yayıb.

Amma sübutlar var ki, 44 günlük müharibə zamanı bu cür qadağan olunmuş sursatlardan məhz Ermənistan istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyi 2020-ci ildə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin birinci birləşmiş ordusunun 37-ci atıcı diviziyasının üçüncü motoatıcı alayının bölmələrinə külli miqdarda fosfor tərkibli yüklər çatdırılıb.

Ermənistan tərəfi bundan əvvəl də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib.

2020-ci il oktyabrın 8-də Ermənistan tərəfdən Füzuli rayonu ərazisinə 122 millimetrlik yandırıcı top mərmisi atılıb. Onun tərkibində 3,6 kiloqram ağ fosfor olub.

Ermənistan atəşkəs dövründə də Azərbaycana qarşı fosfor bombalarından istifadə edib. Hələ 2016-cı ildə Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor bombası atmışdı.

Milli.Az