Ekspert Bayraktar və Haropun Vətən Müharibəsindəki rolundan danışdı

25 Yanvar 2023 19:08

44 günlük Vətən Müharibəsində düşmənin darmadağın edilməsində Silahlı Qüvvələrin bütün növ hərbi birləşmələri ilə yanaşı hərbi hava qüvvələri, həmçinin müasir PUA-ların da xüsusi rolu olub. Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin arsenalında olan PAU-lar hərbi əməliyyatların gedişində düşmənə ən ağır zərbələr vurub.

Bunu Trend-ə açıqlamasında keçmiş hərbi hissə komandiri, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

O, əlavə edib ki, Vətən Müharibəsində Bayraktar TB2 və Harop tipli PAU-ların rolunu xüsusi vurğulamaq lazımdır:

"İstər Bayraktar TB2, istərsə də HAROP ayrı-ayrılıqda öz üzərinə düşən döyüş tapşırıqlarını sərrast yerinə yetirib. Əlbəttə ki, tarixi Zəfərimiz Azərbaycan Ordusunun artilleriya, tank, hərbi hava qüvvələrinin bölmələri də daxil olmaqla ümumi qoşun birliklərinin birgə əməyi nəticəsində mümkün oldu. Koknkret olaraq PAU-lara gəldikdə isə, hər ikisinin - Bayraktar TB2 və HAROP-un hərəsinin öz yeri, öz dəsti xətti var. Bunların fəaliyyətini bir-birindən ayırmaq, hansının üstün, hansının zəif olduğunu iddia etmək düzgün olmaz".

Şair Ramaldanov həmçinin bildirib ki, tarixdə ilk dəfə döyüş əməliyyatları zamanı "HAROP" və "Bayraktar-TB2" PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə məhz Azərbaycanın Vətən Müharibəsində tətbiq edilib:

"Vətən Müharibəsində HAROP-un peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd "S-300" hava hücumundan müdafiə kompleksi, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri də daxil olmaqla bütövlükdə 300-dən çox hərbi hədəfi böyük məharətlə məhv edilib. Həmçinin, düşmənin hərbi məntəqələrinin təyin edilməsi, kəşfiyyat müşahidələrinin aparlması, onların dəqiq zərbələrlə məhv edilməsində Bayraktar TB2-nin də müstəsna rolu olub. Şühbəsiz ki, biz burada həmin silah-sursatları, yeni nəsil müasir döyüş texnikalarını idarə edən qəhrəman hərbçilərimizin də şücaətlərini xüsusi vurğulamalıyıq. Bir sözlə, 44 günlük Vətən Müharibəsindəki tarixi Qələbəmiz başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan xaqlının, Silahlı Qüvvələrimizin birgə Zəfəridir".

Milli.Az