Şəmkir və Sumqayıtdan olan gimnast qızlar Bakıya məşqə gəliblər - FOTO

25 Yanvar 2023 17:58

Şəmkir və Sumqayıtdan bədii gimnastika nümayəndələri olan gənc idmançıların Bakı şəhərində Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, toplanışda Şəmkir Gənclər Evinin və Sumqayıt Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən bədii gimnastika üzrə seksiyaları təmsil edən doqquz gənc idmançı qız iştirak edir.

Qızlar təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq üzrə məşğələlərdə və predmetlərlə iş texnikası üzrə məşqlərdə iştirak edirlər. Bununla yanaşı, mütəxəssislər gimnastların proqramlarının təkmilləşdirilməsinə də diqqət ayırırlar.

Sumqayıt Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə məşqçi işləyən Fatimə Qurbanovanın sözlərinə görə, Milli Gimnastika Arenasında təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub.

"Sumqayıt Olimpiya İdman Kompleksində 2011-ci ildən etibarən bədii gimnastika üzrə seksiya fəaliyyət göstərir. Hazırda bizdə 20-yə yaxın gimnast məşq keçir. Bu il yarışlara ciddi hazırlaşırıq, Sumqayıt komandasının turnirlərdə layiqincə çıxış etməsini və yüksək nəticələr göstərməsini istəyirik. Təlim-məşq toplanışları gənc gimnastların hazırlanmasında böyük rol oynayır. Bədii gimnastika üzrə milli yığmanın üzvlərinin məşqlərini izləmək onlarda böyük marağa səbəb olur. Bu, onlara motivasiya və gələcək idman karyeralarına töhfə verir", - Qurbanova deyib.

Şəmkirdən olan bədii gimnastika üzrə məşqçi Leyla Lütvinova isə bölgədən gəlmiş gimnastların böyük şövqlə çalışdıqlarını vurğulayıb.

"Şəmkir Gənclər Evinin nəzdində bədii gimnastika üzrə seksiya 2019-cu ildən etibarən fəaliyyət göstərir, hazırda orada 20 gənc gimnast məşq keçir. Milli Gimnastika Arenasında təlim-məşq toplanışının keçirilməsi üçün yüksək şərait yaradılıb. Gənc idmançılarımız burada böyük ruh yüksəkliyi ilə məşq keçirlər. Biz Azərbaycan Gimnastika Federasiyasına buna görə dərin minnətdarlığımızı bildiririk", - Lütvinova qeyd edib.

Milli.Az