"Dırnaqarası baxdığınız müğənnilər Gülbahara pul göndərdilər" - VİDEO

25 Yanvar 2023 17:20

"Mən Əməkdar artist Gülbahar Şükürlünü (xərçəngdən əziyyət çəkir) aparıcısı olduğum "Ümid ilə gəl" ictimai-sosial verilişə zorla gətirməmişəm. Gülbahar xanım verilişimə şahzadə kimi gəldi, şahzadə kimi də getdi. Ona əlbəəl pul verilməyib (yardım məqsədi ilə - red.)".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Tolik ləqəbi ilə şou-biznesdə məşhurlaşan prodüser Tarix Əliyev aparıcısı olduğu "Ümid ilə gəl" ictimai-sosial verilişinin canlı efirində deyib.

Tolik ötən gün "Bizimləsən" ictimai-sosial verilişdə mövzunu dəyişib, söhbəti Gülbahar Şükürlüyə və onun özünə sətraltı mənasında istiqamətləndirməsinə etiraz etdiyini bildirib:

"Zaur Baxşəliyev ötən günlərdə aparıcısı olduğu "Bizimləsən" ictimai-sosial verilişinin bir buraxlışını dünyasını dəyişən aktrisa, Əməkdar artist Tünzalə Əliyevaya həsr etdi. Orada birdən-birə söhbət Gülbahar xanımdan düşdü. Adım gələndə nəsə başqa mövzuya keçdi. Buna etirazımı bildirdim. Burada minlərlə xəstə uşaq ola-ola verilişimə tanınmışı otuzdurub, onun üçün pul yığmaram. Bunu etsəm, vicdanım sızlayar".  

Aparıcı fəxri adı olan, efirlərdə "mənəm-mənəmlik" edən müğənniləri xərçəng xəstəliyi ilə mübarizə aparan Gülbahar Şükürlüyə yardım etmədiklərinə görə qınayıb:

"Müğənnilər, Gülbahar xanım Əməkdar artist fəxri adını daşıyır. Amma bəyənmədiyiniz Şəbnəm Tovuzlu, Vəfa Şərifova, Zeynəb Həsəni və Nəfəs gətirib Gülbahar xanıma 3000 manat pul verdilər. Hanı o Əməkdar və Xalq artistləri ki, bir toy məclisinə başdan-ayağa 15.000 manata gedirlər? Hələ-belə də deyirsiniz ki, mən bu müğənniləri bəyənmirəm, çünki onlar bayağı mahnılar oxuyur. Amma onlar bayağı mahnılar oxuyaraq 1000 manat pul göndərdilər. Şəbnəm 1500 manat pul göndərdi. 500 manatı karta göndərmişdi əlavə 1000 manat da gətirib verdi.

Bəyənmədiyiniz və dırnaqarası baxdığınız ifaçılar gəldilər sizin statusunuzda olan Əməkdar artistə pul göndərdilər. Bunu isə efir vasitəsi ilə etmədilər. Amma siz onların yerinə olsaydınız oturardınız efirdə və verilişdə ona pulu verərdiniz. Ona görə də xalqın içində olmaq tamam başqa məsələdir, özünü təcrid edib, elit təbəqə saymaq tamam başqa məsələdir.

Siz gərək deyərdiniz ki, Gülbahar xanım, heç bir verilişə çıxma. Hərəmiz 300-500 manat sizə gətirib versək... 50 müğənni var... Bir illik Gülbahar xanımın müalicə pulunu verərdiniz. Amma siz bunu etmədiniz. Müğənni Rahidə Baxışova, o, nə qazanır? 100 manata şou proqramlara gedir. 2500 manat pul verdi Gülbahar xanıma".

Qeyd edək ki, həftələr əvvəl sözügedən verilişdə qonaq olan Gülbahar Şükürlü açıqlamasında bildirib ki, daha öncəki müalicələri üçün qızıllarını, evini və bağ evini satıb.

Milli.Az