AYİB Abşeronda küləkdən enerji alacaq

25 Yanvar 2023 10:00

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisini maliyyələşdirməyi planlaşdırır.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone deyib.

Onun sözlərinə görə, alternativ enerji mənbələri bu gün təkcə "yaşıl" texnologiyaya keçid baxımından deyil, həm də maliyyə nöqteyi-nəzərindən cəlbedicidir.

"Biz Azərbaycanda dekarbonizasiya proqramını istər investisiya, istərsə də siyasi səviyyədə dəstəkləyirik. Bundan əvvəl biz Qaradağda ilk günəş elektrik stansiyasının tikintisinə investisiya qoymuşuq, indi isə Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisini maliyyələşdirməyi planlaşdırırıq. Biz Azərbaycanı bərpa olunan enerjini tənzimləmək üçün qanunverici bazanın hazırlanmasında da dəstəkləmişik. Əlbəttə ki, bunun təməlində AYİB və Azərbaycanın Energetika Nazirliyinin çoxillik fəaliyyəti dayanırdı", - idarəedici direktor deyib.

M.Patrone həmçinin, 2022-ci ili AYİB və Azərbaycan arasında bərpa olunan enerji mənbələri sferasındakı layihələr üzrə əməkdaşlıq baxımından tarixi dövr adlandırıb.

Xatırladaq ki, AYİB və Azərbaycanın Energetika Nazirliyi ölkənin Paris sazişi üzrə öhdəliklərinə əsasən Azərbaycanda aşağı karbonlu və iqlim dəyişikliklərinə davamlı energetika sektorunun inkişafına yönəlmiş Anlaşma Memorandumu imzalayıb.

Milli.Az