Bayağı filmlər ciddi filmlərdən niyə daha çox izlənir?

25 Yanvar 2023 21:00

"Əgər, bir filmə büdcə ayrılıbsa, həmin filmin büdcəsindən əlavə də filmin büdcəsinin yarısı qədər onun prodüser işlərinə, yəni reklam məsələlərinə vəsait ayrılmalıdır".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Respublikanın əməkdar artisti Bəhruz Vaqifoğlu populyar kültürə xidmət edən bayağı filmlərin ciddi filmlərdən daha çox izlənməsindən danışarkən deyib.

Onun sözlərinə görə, filmin çəkiləndən sonra da yaşaması üçün mütləq şəkildə sözügedən büdcəyə ehtiyac var: "Bütün xarici film festivallarında və yaxud da yerli kinotetarlarda yayımlanan bayağı filmlərin yaşaması üçün əlavə büdcənin ayrılmasının rolu var. Lakin bizdə festival üçün çəkilən filmlər daha çox dövlət büdcəsinə çəkilən filmlərdir. Məsələn, "Çölçü", "Nabat", "Nar bağı" və digər bu səpkidə olan bir çox filmlər var ki, beynəlxalq festivallarda iştirak edib, çox sayda mükafatlar qazanıb, lakin bu filmlərin hamısı rejisorların hesabına bu uğurlara imza atıb".

"Məsələn, "Çölçü" bəddi filminin rejisoru Şamil Əliyev bu filmi festivallara təqdim edir, yayımlayır və sözün əsl mənasında öz gördüyü işi təbliğ edir. Həmçinin, digər rejissorlar da var ki, özləri öz işlərinin prodüserinə çevrilir. Amma, əslində, bu işlə məşğul olacaq şəxslər yetişməli və vəsait ayrılaraq onları bu işlərə cəlb etmək lazımdır"-deyə, əməkdar artist vurğulayıb.

Onun sözlərinə görə, bayağı fimlərin ciddi filmlərə rəğmən daha çox izlənməsi də reklamdan irəli gələn amildir: "Təbii ki, sevindirici haldır ki, bir çox prodakşnlar yaradılıb və bu sahədə müsbət işlər görülür. Amma təəssüf ki, zövqlər korlanır, insanları artıq yaxşı filmlərə baxmağa qaytarmaq olmur. Hər halda, zövqlər müxtəlifdir və tamaşaçılar həm yerli, həm də xarici filmləri izləyib müqayisə aparırlar".

Milli.Az