Nüfuzlu YNET qəzeti Azərbaycan-İsrail münasibətləri barədə məqalə dərc edib

25 Yanvar 2023 09:27

Azərbaycan öz suveren xarici siyasəti ilə qürur duyur və İsraildə səfirlik açmaq bizim suveren qərarımızdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev nüfuzlu İsrail qəzeti olan "YNET"-ə müsahibəsində deyib.

"Biz səfirlik açmaq qərarını bu və ya digər təzyiq səbəbi ilə nəzərdən keçirmirik və buna prosesin sonu kimi baxmırıq. Bu, münasibətlərimizdəki yekun nailiyyət və ya məqsəd də deyil. Biz buna ikitərəfli münasibətlərin inkişafı üçün mühüm vasitə kimi baxırıq. Bu, bir pillədir, lakin yolun sonu deyil", - o deyib.

Məqalədə də deyildiyi kimi, Azərbaycan şiə icmasının çoxluq təşkil etdiyi ilk müsəlman ölkədir ki, İsraildə səfirlik açır. Vaxtilə elm və təhsil nazirinin müavini vəzifəsində çalışan Muxtar Məmmədov artıq Azərbaycanın İsraildəki ilk səfiri təyin edilib.

"Azərbaycan İranın şimal qonşusudur və bu fakt İsraillə münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda ictimai rəyə əsasən nüfuzlu ölkə hesab edilən İsrail bu səbəbdən Azərbaycanla əlaqələrinə strateji əhəmiyyət verir. Tehran İsral-Azərbaycan münasibətlərini xoşlamır. Noyabrın 14-də Azərbaycanda İranın casus şəbəkəsi ifşa olundu. Ölkədə fəaliyyət göstərən bu casus şəbəkəsi Azərbaycandakı müxtəlif səfirliklərin fəaliyyəti haqqında məlumat toplamaqla, həmçinin ordu bölmələrini və komandirləri izləməklə məşğul olurmuş. Bu ölkələrin adları açıqlanmadı, lakin Azərbaycandakı etibarlı mənbələrinin YNET-ə verdiyi məlumata görə, bu şəbəkənin hədəfindəki səfirliklərdən biri İsrail səfirliyi imiş. Aktivistlərdən biri, Azərbaycan vətəndaşı İranda dinşünaslığı öyrənən zaman İnqilab Qvardiyasına cəlb olunub", - məqalədə deyilir.

Məqalədə, həmçinin, Azərbaycanın İsrailin ən iri enerji tədarükçüsü, İsrailin isə Azərbaycanın ən iri silah tədarükçülərindən biri olduğu və bu silahların 2020-ci ildə İkinci Qarabağ Müharibəsindəki qələbəyə böyük töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, ötən həftə sonu İsrailin xairici işlər naziri Eli Koen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıb və rəsmi Bakının İsraildə səfirlik açmaq qərarına görə ona təşəkkür edib.

"İsrail və Azərbaycan coğrafi cəhətdən uzaq olsalar da, bir-biri ilə sıx əlaqəlidir, buraya həmçinin tarixi əlaqələr də aiddir. Azərbaycan ölkədə heç vaxt antisemitizmin olmaması və daima cəmiyyətin ayrılmaz hissəsini təşkil edən yəhudi icmasına böyük hörmətin olması ilə fəxr edir. Ölkələr arasında ticarət inkişaf etməkdədir, münasibətlər isə genişlənərək təhsil və tədqiqatlar kimi digər sahələri də əhatə edir. Biz innovasiyalar, dəniz suyunun şirinləşdirilməsi sahəsində İsrailin uğurlu təcrübəsindən yararlanırıq", - azərbaycanlı nazir müavini deyib.

Azərbaycan xalqı İsrail dövlətinə necə dəyər verir?

"İsrail dövləti və ya yəhudi xalqına Azərbaycanda heç vaxt yad kimi baxılmayıb. Bizim unikal yəhudi icmamız var, yəhudi həkimlərimiz, alimlərimiz və s. olub. Birinci və ikinci Qarabağ müharibələrində Azərbaycanda doğulmuş və Vətən uğrunda savaşmış yəhudi zabit və əsgərlər olub. Bunlardan ən məşhuru Birinci Qarabağ müharibəsində şəhid olan tank komandiri Albert Aqarunovdur. Onun məşhur müsahibəsində müxbir ondan soruşur: "Sən ki yəhudisən, niyə burada savaşırsan? Siz ki İsraildə rifah içində yaşaya bilərsiniz. O isə Azərbaycan dilində cavab verir: "Mən öz torpağım uğrunda savaşıram. Mən burada böyümüşəm, bura mənim vətənimdir". Ertəsi gün Aqarunov şəhid olur. Şəhid Aqarunovun xatirəsini əbədiləşdirmək üçün Bakıda abidəsi qoyulub, məzarı isə əbədi məbədimiz olan Şəhidlər Xiyabanında yerləşir. Bəziləri Azərbaycan-İsrail münasibətlərinin normallaşdığını deyir. Bu, düz fikir deyil. Dəyişən, normallaşan bir şey yoxdur, bizim aramızda heç vaxt münaqişə olmayıb", - o deyib.

İsrail-Türkiyə barışığında Azərbaycanın rolu nədən ibarətdir?

"Azərbaycan həmişə bütün dostlarını və tərəfdaşlarını bir-biri ilə xoş münasibət qurmağa çağırıb. Biz hər dəfə bu cür prosesə dəstək ola biləcəyimizi görəndə öz töhfəmizi verməyə çalışmışıq. İsrail və Türkiyə arasında yaxşı münasibətlərin bütünlükdə region üçün müsbət faktor olduğunu hesab edirik", - nazir müavini qeyd edib.

İsrailin Azərbaycana Dəmir Günbəz sistemi verdiyini təsdiq edirsinizmi?

"Bu barədə heç bir məlumatım yoxdur, bununla bağlı Müdafiə Nazirliyinə müraciət edin", - o cavab verib.

Nəyə görə Azərbaycan BMT-də hələ də İsrailə qarşı səs verir?

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı bir sıra beynəlxalq təşkilatın üzvüdür. Bu təşkilatın ənənəvi mövqeləri var və biz onları görməzdən gələ və ya onlara qarşı gələ bilmərik. Bundan başqa, xatırlamaq yerinə düşər ki, Azərbaycan hələ 1992-ci ildə İsraildə əlaqələrini formalaşdırıb, İsrailin Azərbaycandakı səfirliyi isə on illərdir fəaliyyət göstərir. Azərbaycan İsrailə qarşı boykotun və ya embarqonun bir hissəsi olmayıb", - Rzayev deyib.

Qarabağ səfəri

Məqalədə qeyd olunduğu kimi, Dağlıq Qarabağa gedən yol paytaxt Bakıdan altı saatlıq məsafədədir və "Zəfər Yolu" kimi məşhur olan yeni yoldan keçir. Yolun kənarlarında müharibədə şəhid olmuş azərbaycanlı əsgərlərin şəkillərinin olduğu, "şəhidlər" yazısı ilə lövhələr vurulub.

"1991-ci ildə Ermənistan tərəfindən Qarabağın işğalı Azərbaycan üçün milli travmadır: 30 min insan həlak oldu, 800 min dinc sakin öz evlərindən qovuldu. Azərbaycan onda gənc dövlət idi və ermənilər sovet ordusu bölmələrinin dəstəyi ilə onun ərazisinin 20 faizini işğal etdi. Azərbaycanlılar onilliklər ərzində Türkiyə və İsrailin dəstəyi ilə güclü ordu qurdu, 2020-ci ilin sentyabrında başlayan 44 günlük İkinci Qarabağ Müharibəsində isə öz torpaqlarını işğaldan azad etdi", - məqələdə deyilir.

Fariz Rzayev regionun yetərincə müharibə yaşadığını, bitkin düşdüyünü və bundan sonra regionun bərpası istiqamətində çalışdığımızı və bu istiqamətdə milyard dollarla investisiyalar qoyduğumuzu, azad olunmuş ərazilərdə iki hava limanının inşa olunduğunu, yüzlərlə kilometrlik avtomagistralların çəkildiyini, rayona dəmir yolunun bərpası istiqamətində işlərin aparıldığını da qeyd edib.

Milli.Az