İranın Zəngəzur dəhlizini nüvə silahı ilə qorumaq “planı”

25 Yanvar 2023 08:59

"Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" deyən Tehran rejimi ballistik raketlər üçün nüvə başlığı əldə etməyə yaxındır?

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Zəngəzurda jurnalistlərlə söhbətində deyib ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir: "Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək olub. Bu, Ermənistanla münasibətlərdə aparılan siyasətdir. Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək. Yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı öz təsirini göstərən müxtəlif istiqamətlərdə işlər aparılır".

Bu arada isə Britaniyanın "Ekspress" qəzeti bildirib ki, İranın öz uran ehtiyatlarını 90%-ə qədər zənginləşdirmək və ballistik raketlər üçün nüvə başlığı əldə etməsi üçün bir neçə həftə vaxt lazımdır. Məqalədə bildirilir ki, bu vəziyyət Qərbi və regional oyunçuları İranı dayandırmaq variantlarını yenidən nəzərdən keçirməyə məcbur edəcək. "İranda etirazlar görünməmiş səviyyəyə çatıb. Milli valyutanın dollara nisbətdə məzənnəsi görünməmiş səviyyədə aşağı düşüb. Tehran hesab edir ki, öz nüvə proqramını silaha çevirdikdən sonra mövqeyini gücləndirəcək və rejim dəyişikliyi mümkün olmayacaq", - "Ekspress" bildirir.

Belə çıxır ki, "Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir" deyən molla rejimi erməniləri, eləcə də Zəngəzur dəhlizini də nüvə silahı ilə "qoruyacaq".

Milli.Az musavat.com-a istinadən bildirir ki, STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə dedi ki, Azərbaycanın İsraildə səfirlik açmasından bəhanə olaraq istifadə edən İran Cənubi Qafqazda uzun müddətdir itirdiyi təsir mexanizmini rəsmi İrəvanla əməkdaşlıqla geri qazanmağa çalışır: "Azərbaycan 44 günlük müharibədə qazandığı şanlı zəfərlə Cənubi Qafqazda son 30 ildə mövcud olan status-kvonu dəyişib, Gorus-Qafan yolunun bir hissəsində nəzarət postu quraşdıraraq İranın bölgədə yaranan xaosdan sərbəst qaydada faydalanmasının qarşısını alıb, yeni regional kommunikasiya xətləri və yeni geosiyasi reallıq inşa etməyə başlayıb. 2020-ci ildən bəri bölgədə Türkiyə və Rusiyanın aktivləşməsi fonunda İran arxa planda qalmışdı ki, bunu öz milli maraqlarına təhdid olaraq görən İran yerli mətbuat kanalları, eləcə də hərbi təlimlərlə Azərbaycana təhdidlər yağdırmağa başlamışdı. İran digər bir təsir aləti olaraq Ermənistandan istifadə edir və erməniləri silahlandırmaqla gələcəkdə Cənubi Qafqazda növbəti müharibəyə zəmin hazırlamağa çalışır. İrandan Ermənistana PUA, tank əleyhinə raket kompleksləri və s. verilməsindən başqa, hətta İranın HESA dövlət şirkəti tərəfindən Ermənistanın Spitak şəhərində kiçik PUA zavodu inşa edəcəyinin planlaşdırıldığı iddiaları da var. Lakin Ermənistanla Azərbaycan arasında artıq növbəti müharibə Qarabağ müharibəsi olmayacaq, bu, Zəngəzur müharibəsi olacaq.

İranda ən yüksək rəsmi şəxslər, o cümlədən ali dini rəhbər tərəfindən regionun geosiyasi xəritəsinin dəyişməzliyi vurğulanır, Zəngəzur dəhlizi ölkənin "qırmızı xətti" adlandırılır. Bununla İran Zəngəzur dəhlizinin açılmasını Ermənistan qarşısında tələb və sülh müqaviləsinin şərtlərindən biri kimi irəli sürən Azərbaycana qarşı çıxır. Təbii ki, İran Ermənistanı qorumaq üçün deyil, öz milli maraqlarından çıxış edərək bunu edir. İranın Cənubi Qafqazda rolunun artmasına həm də Rusiya-Ukrayna müharibəsi şərait yaradır.

Burada üçüncü məsələ gündəmə gəlir: İranın nüvə silahı əldə etməsi. 2015-ci ildə Aİ və ABŞ-ın iştirakı ilə İranla imzalanan nüvə sazişi 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada çıxması və İrana yeni sanksiyalar tətbiq etməyə başlaması ilə pozulub. O gündən sonra İran gizli şəkildə nüvə təsisatlarını inkişaf etdirməyə başlayıb və artıq uranı 60%-dən çox zənginləşdirməyə nail olub. Nüvə silahına çevrilməsi üçün isə uranın 90% zənginləşdirilməsi lazımdır və 60-la 90% zənginləşdirmə arasında çox kiçik texniki məsələ var. Odur ki, İranın nüvə başlıqlı raketlərin hazır olduğunu elan etməsi kiçik zaman məsələsidir. Buna Qərb heç bir sanksiya ilə, hətta müvafiq nüvə təsisatlarını vurmaqla da cavab verə bilməz. Belə ki, nüvə silahına dair əldə olunan texniki biliklər qalacaq və təsisatları da hər zaman yenidən qurmaq mümkündür. Nüvə silahına sahib olan dövlətlər danışıqlarda daha sərt üsluba müraciət etmək rahatlığını qazanırlar. Odur ki, İranın nüvə silahına malik olması onun İsraillə, o cümlədən Azərbaycanla münasibətlərində təsirli amil olacaq. İrana qarşı xüsusilə 2022-ci ilin sentyabrında başlayan ümumxalq etirazları fonunda Aİ tərəfindən 4 mərhələdə, hazırda toplamda 164 nəfəri və 31 təsisatı əhatə edən sanksiyalar tətbiq olunub. Lakin Rusiyaya 10 mərhələdə tətbiq olunan on minlərlə sanksiya Rusiyanın regional iddialarının qarşısını almadığı kimi, İrana qarşı on illərdir davam edən sanksiyalara əlavə bir neçəsinin də təsirli olmayacağı təxmin edilə bilər.

O ki qaldı dördüncü, İranın Azərbaycanı nüvə silahı ilə təhdid etməsi məsələsinə, İranın belə bir addım atacağı ehtimal edilmir. Ümumiyyətlə, nüvə silahı bir ölkənin milli təhlükəsizliyinə təhdid zamanı, yəni ölkə məhv edilməklə təhdid olunarkən istifadəsi nəzərdə tutulan ən son silahdır. Azərbaycanın isə Cənubi Qafqaza dair yanaşması məhv etməyə deyil, quruculuğa əsaslanır. Burada İranın da destruktiv deyil, konstruktiv mövqeyə gəlməsi, bölgənin sabitliyini pozacaq addımlar atmaması üçün çağırış etmək, diplomatik kanallarla münasibətləri tənzimləmək lazımdır".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Azərbaycana qarşı cənub qonşumuzun hazırda açıq şəkildə mövqe nümayiş etdirdiyini söylədi: "İran həmişə Ermənistanı müdafiə edib. Sadəcə, əvvəllər bunu qismən gizli etməyə çalışırdısa, indi əməlindən əl çəkmir, açıq mövqe ortaya qoyur. Ümumiyyətlə, molla rejiminin addımları qonşuluqdan, İslamdan uzaq davranışlardır. İranın narahatlığının səbəbi aydındır: bu dövlət Azərbaycanın güclənməsini qəbul etmək istəmir. Bu isə göstərir ki, Tehranın xarici siyasəti "çürükdür". Əks halda, İran qonşuluq və əməkdaşlıq münasibətlərində maraqlı olardı. İkinci bir tərəfdən isə İsraillə Azərbaycan arasındakı münasibətlərin inkişafı İranı narahat edir. İranın Ermənistandakı səfirinin sözləri, əlbəttə, hakimiyyətin mövqeyinin ifadəsidir. Bu cür bəyanatlar, addımlar davam etdikcə İranla normal münasibətlərdən söhbət gedə bilməz. Rəsmi Tehran özü-özünə quyu qazır, regiondan təcrid olunur. İndi İranda daxili xaosun davam etdiyi bir vaxtda bu dövlət qonşuları ilə normal münasibətlər saxlamağa çalışmalıdır. Amma bunun əksini edir. Bu, soyuqqanlı və məntiqli davranışın məhsulu deyil. Fikrimcə, iranlı diplomata cavab verilməlidir. Onlara başa salmaq lazımdır ki, bu cür açıqlamalar münasibətlərə zərbə vurur. Əlbəttə, İran Azərbaycanla müharibə etməz. Ermənistanla bağlı deyilənlər, sadəcə, bu dövlətə xoş gəlmək, beləliklə, rəsmi İrəvandan təxribatçı maraqlar üçün istifadə etmək naminədir. Düşünürəm ki, İrəvan da bunu başa düşməli və alət olmamalıdır".

Milli.Az