“Bu, heç vaxt bitməyəcək, sadəcə özünü öldür”

24 Yanvar 2023 22:23

Bakıda sevgi münasibətində olduğu qızı və rəfiqəsini intihara cəhd həddinə çatdıran, eləcə də onların görüntülərini xüsusi proqramlarda hazırlayaraq sosial şəbəkə və porno saytlarda yaydığı üçün məhkum edilən 1997-ci il təvəllüdlü Sadıq Hüseynov Ali Məhkəməyə müraciət edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 125 (Özünü öldürmə həddinə çatdırma) və 148-1-ci (İnternetdə saxta ad, profil və ya hesablardan istifadə edərək təhqir etmə) maddələri ilə təqsirli bilinərək 4 il 9 ay müddətinə həbs cəzasına məhkum edilən gənc ona bəraət verilməsini tələb edib. O, 125-ci maddə üzrə günahının sübuta yetirilmədiyini bildirib və Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini istəyib.

Araşdırmalar zamanı məlum olub ki, Sadıq Azərbaycan Dillər Universitetində təhsil alarkən tanış olduğu qızları sonradan şantaj edib. Onların intim görüntülərini 2018-2019-cu illərdə xüsusi proqramda hazırlayaraq sosial şəbəkələr və porno saytlarda yerləşdirib. Gənc oğlan ondan ayrılan sevgilisinə teleqram sosial şəbəkəsi vasitəsilə "bu, heç vaxt bitməyəcək, sadəcə özünü öldür" və s. kimi sözlər yazaraq onu intihara cəhd həddinə çatdırıb. Bu səbəbdən 1998-ci il təvəllüdlü Zeynəb Səlimova (ad və soyad şərtidir) 2018-ci ilin dekabr ayında yaşadığı evdə damarlarını kəsərək, 2019-cu ilin yanvarında isə dərman preparatları içməklə özünü öldürməyə cəhd edib. S.Hüseynov sevgi münasibətində olub ayrıldığı Zeynəbin rəfiqəsi Təranə Bədəlovanın (ad və soyad şərtidir) da görüntülərini yayaraq onu təhqir edib.

Məhkəmədə qızların birinci instansiya məhkəməsində verdiyi ifadələr elan edilib. İntihara cəhd edən və barəsində sosial şəbəkələrdə təhqiramiz məlumatlar yayılan T.Bədəlova hadisə barədə bunları deyib: "Sadıq universitetdə mənimlə eyni ixtisas üzrə təhsil aldığı üçün tanış olmuşduq, dostluq münasibətlərimiz yaranmışdı, birlikdə bir neçə tədbirdə universiteti təmsil etmişik. Zeynəb həvəskar qaydada fotoşəkil çəkilişi ilə məşğul olduğu üçün təsadüf nəticəsində onunla tanış olmuşdum. Bakıda təşkil olunmuş şəkil sərgisində təsadüfən Sadıqla Zeynəbi tanış etmişdim. Sadıqı tanıdığım vaxtdan normal insan hesab etmişdim, hətta onunla 2018-ci ilin yay aylarında kafelərdən birində birlikdə də işləmişik, lakin bir müddətdən sonra münasibətimiz kəsildi. Sonradan Sadıqın Z.Səlimova ilə də münasibətlərinin korlandığını eşitdim və ondan qisas almaq məqsədilə Zeynəbin sosial şəbəkələrdə olan şəkillərini müxtəlif saytlarda təhqiramiz formada yerləşdirdiyini bildim. Bundan sonra Sadıqla bir neçə dəfə əlaqə saxlayaraq əməllərini dayandırmasını, belə etməməsini dedim. Həmin ərəfədə kimsə Sadıq haqqında saytlarda məlumat yerləşdirdi. O, mənimlə eyni universitetdə oxuduğu üçün həmin məlumatların mən tərəfdən yayıldığını güman etdi və bundan sonra fotolarımı instaqramdan götürərək redaktə proqramı vasitəsilə əxlaqsız formada düzəldib saxta yaratdığı profillərdə yerləşdirərək altına təhqiramiz ifadələr yazdı və bunu da skrin edib mənə göndərərək öz işlərimlə məşğul olmağımı, başqalarının işlərinə qarışmamağımı bildirdi. Sadıq bundan sonra da əməllərinə davam etdi və Zeynəblə mənim fotolarımı intim formada redaktə edərək əxlaqsız məzmunda başlıq yazmaqla, müxtəlif intim xidmətlər təklif edən şəxslər kimi təqdim edərək yayıb. Bu əməllər 2019-cu ilin aprel ayınadək davam edib".

Ali Məhkəmədəki prosesə qatılmayan Z.Səlimova da eyni məzmunda ifadə verib.

Ali Məhkəmə Sadıq Hüseynovun kassasiya şikayətini təmin etməyib və ona verilmiş cəza qüvvədə saxlanılıb.

Qeyd edək ki, birinci instansiya məhkəməsinin hökmündə S.Hüseynovun Z.Səlimovaya vurduğu mənəvi ziyana görə 5000 manat ödəməli olması da qeyd edilib.

Milli.Az