“1988-ci ildə Xankəndidə baş verənləri yenidən təkrarlamaq istəyirlər” - Zülfüqarov

24 Yanvar 2023 21:12

"Paşinyan-Vardanyan qarşıdurması və ya rəqabəti ola bilər. İndi bundan daha çox danışırlar. Ancaq mən baş verənlərin qarşılıqlı oyun olduğunu da istisna etmirəm. Çünki Ermənistan üçün çox işğalçı imicindən azad olmaq çox vacibdir. Burada onların eyni oyun oynaması mümkündür. Yəni Ermənistan deyir ki, gedin məsələni özünüz həll edin, mənlik deyil. Halbuki bundan əvvəl Paşinyan tam fərqli mövqe tuturdu, gedib Şuşada şıllaq ataraq deyirdi ki, "Qarabağ Ermənistandır". Bu baxımdan Paşinyan və Vardanyan arasında qarşıdurma olmasına şübhə ilə yanaşmalıyıq".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ruben Vardanyanla Nikol Paşinyan arasında qarşıdurma və rəqabətin olması haqda xəbərləri şərh edərkən açıqlayıb.

Tofiq Zülfüqarov sual da ünvanlayıb: "Necə qarşıdurma var ki, Ermənistan ildə təxminən 360 milyon dollar civarında Xankəndiyə pul verir? Eləcə də hərbçilər göndərir, amma küsülüdürlər. Bu, ciddi məsələyə oxşamır".

Sabiq diplomat Xankəndidəki vəziyyətə toxunarkən deyib ki, orada hazırki durum çox gərgindir: "Əslində Xankəndidə əsas problem Vardanyandır. Ağıllı adamlar bilirlər ki, Vardanyan Xankəndiyə ona görə gəlib ki, 1988-ci ildə başlayan hadisələri təkrar həyata keçirsin. Ermənilər düşünürlər ki, o zaman arxamızda Rusiya dururdu, özümüzün gücü var idi, Azərbaycan zəif idi. Eləcə də Türkiyə Azərbaycana kömək edə bilmirdi. Fikirləşirlər ki, amma 30 ildən sonra uduzduq, indi yenidən sıfırdan buna necə başlayaq, köhnə müharibəni alovlandıraq? Camaat oradan qaçacaq. İndi Laçın yolunda sadə ermənilərin hərəkətinə maneə yaradan nə bizim ekoloqlardır, nə də rus sülhməramlıları. Özləri problem yaradır, imkan vermirlər ki, sadə ermənilər bu yoldan yararlansın. Bu səbəbdən də mən təklif etmişəm ki, Qarabağdakı sadə ermənilərə imkan verməliyik ki, Kəlbəcərdən keçsinlər. Burada da Azərbaycan gömrüyü, sərhəd məntəqəsi olsun. Onlar da sonda Vardanyana sual versinlər ki, deyirsən dərman, ərzaq yoxdur, bəs nədən bizi ora buraxmırsan?".

Milli.Az