Nofəl Vəliyevin 50 illik yubileyi qeyd edilib - FOTO

24 Yanvar 2023 18:01

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nofəl Vəliyevin 50 illik yubileyi dahi mütəfəkkir Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası ilə qeyd edilib. 

Tamaşadan öncə çıxış edənlər Nofəl Vəliyevin rol aldığı tamaşalar, ifa etdiyi obrazlar haqqında danışıb və ona yeni yaradıcılıq uğurları arzu ediblər. Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və Fəxri fərmanı, Azərbaycan Teatr Xadimləri ittifaqının Fəxri fərmanı və teatrın diplomu təqdim edilib. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

Daha sonra tamaşa nümayiş etdirilib. Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulan tamaşa böyük dramaturqun toxunduğu problemləri fərqli yöndən göstərir.

Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdidir.
Tamaşada Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər  Nofəl Vəliyev, Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Hacıbabayev, Ramil Məmmədov, Aygün Fətullayeva, Anar Seyfullayev, Elgün Yəhyayev, İmran Qurbanov və başqaları rol alıblar.