Alphabet holdinqinin tərkibinə daxil olan Google korporasiyası şirkət tarixində iş yerlərinin ən böyük ixtisarı fonunda top-menecerlərə ödənişləri azaldacaq.
Trend-in məlumatına görə, bu barədə The Wall Street Journal qəzeti xəbər verib.
Google rəhbəri Sundar Piçainin sözlərinə görə, böyük vitse-prezident və daha yüksək vəzifələri tutan əməkdaşlar xərclərin azaldılması tədbirləri çərçivəsində daha aşağı bonuslar qazanacaq. ABŞ-dakı texnoloji şirkətlərin işçiləri əmək haqqının böyük hissəsini bonuslar şəklində alacaq, nəşrdə deyilir.
Ötən həftə Alphabet holdinqi texnoloji sektordakı sarsıntılar səbəbindən 12 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb.
Milli Biznes İqtisadiyyatı Assosiasiyasının məlumatlarına əsasən, Amerika şirkətlərinin təqribən 20%-i iqtisadi vəziyyətin pisləşməsi səbəbindən əməkdaşlarının ştatını ixtisara sala bilər. Goldman Sachs Amerika bankı artıq 3,2 min iş yerini ixtisar etməklə ən böyük ixtisar dövrünə başlayıb, Microsoft korporasiyası 2023-cü ildə təqribən 10 min əməkdaşı işdən çıxarmaq planını açıqlayıb. Ekspertlərin fikrincə, bu cür tədbirlər dünya iqtisadiyyatının ləngiməsi ilə, həmçinin istehlakçıların pandemiya dövründən sonra rəqəmsal məhsullara xərclərini azaltmaları ilə əlaqəlidir.
Daha əvvəl The Wall Street Journal qəzetində dərc olunan qiymətləndirmələrdə ABŞ-da növbəti 12 ay ərzində tənəzzül baş verəcəyi və işsizliyin artacağı qeyd olunmuşdu.
Milli.Az