XİN rəhbəri: Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyacaq

24 Yanvar 2023 12:34

Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən XİN rəhbərlərinin iclasında Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.

Milli.Az xəbər verir ki, nazir Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov çıxışı zamanı, post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə Yaşıl Enerji zonası, Azad İqtisadi Zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd edilənlərlə yanaşı, ölkəmizin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə ətraflı məlumat verilib, ötən ilin iyul ayında ölkəmizlə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun yaşıl enerji resurslarının inkişafı, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Qara Dənizin altından keçməklə elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin bölgədə əməkdaşlığın daha genişlənməsinə töhfə verəcəyi bildirilib.

Milli.Az