Aygün Kazımova: "Namiq Qaraçuxurlu ilə hələ uzun zaman ayrılmayacağıq"

17 May 2010 09:35
Son aylar mətbuatda və televiziyada nadir hallarda çıxış edən xalq artisti Aygün Kazımova Milli.Az xəbər portalına maraqlı açıqlamalar etdi. Sənətçi əvvəlcə söylədi ki, hər bir addımını özəlləşdirmək məqsədi ilə atır. Yəni, onun ayaqqabısını geyinənlər çoxdur, lakin xalq artistinin yerişini heç kimin yeriyə bilmir:

"Xatırlayırsınızsa, plastik əməliyyatımı sənədli film şəklində çəkdirən ilk sənət adamı mən olmuşam. Əgər məndən əvvəl bunu edən olsaydı, ömründə onu təkrarlamazdım. Onda mən Aygün Kazımova olmaram. Onsuzda dünyada təkrarçılıq baş alıb gedir. Mən bizimkilərdən kimisə yamsılamıramsa, o demək deyil ki, mənim etdiklərimi məndən əvvəl dünyada heç kim etməyib. Ən azı özümüzünküləri yamsılamamağa çalışıram. Amma yuxarıda çəkdiyim misalın dünyada analoqu yoxdur. Heç bir sənət adamı palstik əməliyyatını sənədli filmə çevirməyib".

Fərqli dünya görüşü olan Aygün xanım bir müddət əvvəl özü haqqında kitabın da yazıldığını eşidib. Lakin müəllifin ölüm xəbəri xanım sənətçinin arzusunu reallaşdıra bilməyib.

"Kitabı Elşad Quliyev yazmalı idi. Özü mənə təklif etmişdi. Lakin bu təklifdən bir neçə ay sonra o, dünyasını dəyişdi və bu ideya həllini tapmadı. Bu arzum gerçəkləşmədi. Amma ola bilsin hansısa yazar bu işi üzərinə götürdü. Amma istəyirəm ki, kitabı əlimə alanda Aygün Kazımovanı görə bilim" - deyə sənətçi bildirdi.  

Xalq aritstindən son aylar az görünməyinin səbəbini soruşduqda, o, bunu özü tərəfindən seçilmiş istirahət proqramı kimi dəyərləndirdiyini bildirdi. Onun tez-tez depresiyaya düşdüyünü nəzərə alıb, bu barədə də soruşduq:

"Yox, depresiya üçün səbəb yoxdur. Bir neçə gün əvvəl Moskvadan qayıtmışam. Səfərim bir qədər çəkdi. Gələndən sonra eşitdim ki, Namiq Qaraçuxurlu özünə yeni binalardan mənzil alıb. Əslində, mənzil alacağını bilirdim. Birlikdə mənzilə baxdıq, çox xoşuma gəldi. Hazırda Daxili Qoşunların xətti ilə hərbi hissələrdə verəcəyim konsertlərə hazırlaşıram. Bu silsilə bir layihə olacaq və bu işə böyük məsuliyyətlə yanaşıram. Bunu deməkdə məqsədim odur ki,  günlərimi sırf istirahət üçün ayırmamışam".

Aygün xanımla onunla küsülü olub, haqqında xoşagəlməz fikirlər səsləndirənlər barədə də danışdıq. Bu məsələdə özünü xeyirxah tərəfdaş kimi görən Aygün Kazımova pis xislətli insanlara onsuz da təsir göstərə bilmədiyini söylədi:

"Hərdən düşünürəm ki, bəzi kütlə getdikcə biri-birinə oxşayır. Çalışıram ki, həmin pis xislətli insanları dəyişdirim, onların vicdanlarını yumşaldım. Bəzən onlara təsir göstərə bilirəm. Amma çox hallarda bu, alınmır. Yaxın dostlarım hərdən mənə deyirlər ki,  "bu qədər haqsızlığa başqası olsaydı dözməzdi". Düşünürəm ki, mən Allahın sevimli bəndəsiyəm və o məni bütün pisliklərdən qoruyur".

Namiq Qaraçuxurlu ilə münasibətlərinə toxunan Aygün Kazımova bu birliyin hələ uzun zaman davam edəcəyini söylədi. Bunun üçün o, həm özünə, həm də partnyoruna inandığını bildirdi.

"Hər bir münasibətdə saf sevginin olması vacibdir. Bizim münasibətlərimizdə saxtalıq yoxdur. Əgər Namiq sənəti ilə vidalaşmayacaqsa, biz uzun zaman ayrılmayacağıq. Çünki bizim işimiz birdir, səhnədə bir görünürük. Səhnədən kənarda dərdlərimizi, sevincimizi bölüşürük. Mən Namiqə çox inanıram, o, insan nankor deyil. Mən onu tanıyandan sonra həyata baxışlarım dəyişdi" - deyə Aygün Kazımova bildirdi.

Xədicə  
Milli.Az