Satışa çıxarılan 1662 mənzildən 1100-ü bron edilib

23 Yanvar 2023 17:29

Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərdən artıq 1100-ü bron edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, satışa çıxarılan 1662 mənzildən 1100-ü bron edilib.

Xatırladaq ki, Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlanılıb.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı qaydası Prezident İlham Əliyevin imzaladığı fərmanla müəyyən edilib.

Milli.Az