Rəyə əsasən təfsir nə deməkdir?

29 Yanvar 2023 23:10

İslam təfsirçiləri və alimləri bu fikirdədirlər ki, kimsə Quranı öz nəzəri və rəyi əsasında təfsir edə bilməz. Bu mövzu ilə bağlı çoxsaylı hədislər nəql olunmuşdur. Onlardan bəzilərini nəzərdən keçirək:

1. Həzrət Peyğəmbər buyurur: "Hər kəs Quranı öz rəyi əsasında təfsir etsə, özü üçün cəhənnəm odunda yer seçmişdir."
2. Həzrət buyurur: "Quranı öz rəyinə əsasən təfsir edən kəs özünə oddan yer əxz etmişdir."
3. Həzrət Peyğəmbər (s) buyurur: "Quranı öz rəyinə əsasən təfsir edən kəs hətta səhvə yol verməsə də, xəta iş görmüşdür."
İndi isə aydınlaşdıraq ki, rəyə əsasən təfsir nə deməkdir? Böyük təfsirçilərin fikrincə, bu iş üç şəkildə baş verə bilər.
1. Bəzi təfsirçilər iki mənaya malik olan söz üçün hansısa mənanı təyin edərkən heç bir əsas tapmadıqda özlərindən əvvəlki alimlərin mövqeyini əsas götürür. Yəni təfsirçi hər hansı kəlməni mənalandırarkən öz etiqadına əsaslanır. Hansı ki, Quran kəlməsini mənalandırmaq üçün möhkəm dəlillər olmalıdır. Belə bir təfsir şəxsi rəy əsasında təfsirdir.
Mötəzilə, əşairə, batiniyyə, sufiyyə məktəbində bu sayaq təfsirlər çoxdur. Hər hansı bir məktəbə aid olan alim Quranı təfsir edərkən öz məktəbinin etiqadlarına əsaslanır. Demək, ayə həqiqi mənasında yox, hansısa məktəbin etiqadı əsasında təfsir edilir. Belələri Qurana tabe olmaq əvəzinə, Quranı özlərinə tabe edirlər.
Zəməxşərinin "Kəşşaf" təfsiri etiqad məktəbinə əsaslanan təfsirlərə nümunə ola bilər. Fəxr Razinin "Məfatihul-qeyb" təfsiri isə əşəri məktəbinə əsaslanmışdır. Bu iki təfsirdə alimlər özlərindən əvvəlki fikirlərə əsaslanır, keçmişdə mövcud olmuş fikirlərdən yaxa qurtara bilmirlər. Batiniyyə, sufiyyə və bəzi fəlsəfə məktəblərinin nümayəndələri də təfsirlərində keçmişdə mövcud olmuş nəzəriyyələrə əsaslanmışlar. Məsələn, Molla Əbdür-Rəzzaq Kaşi öz təfsirində batiniyyə əqidəsini əsas götürmüşdür. Mühyiddin Ərəbi isə Quranın ilahi maarifini sufi düşüncə tərzi əsasında təfsir etmişdir.
Bu sayaq təfsirlər yalnız hansısa məktəbin dirçəldilməsinə xidmət edir. Uyğun təfsirlərdə diqqətəuyğun fikirlər olsa da, onlar bütövlükdə rəy əsasında təfsir hesab edilməlidir.
On üçüncü əsrin sonu, on dördüncü əsrin başlanğıcında materialist düşüncə tərzi rövnəq tapmağa başladı. Dünyəvi elm sahələrindəki müxtəlif ixtiralar insanların düşüncəsini öz təsiri altına aldı. Həmin dövrdə bəzi təfsirçilər də ruh, mələk kimi qeybi anlayışları dövrün düşüncə tərzi əsasında təfsir etməyə çalışdılar. Bir çox üstün məziyyətləri olan "Əl-minar" təfsirində də bu kimi meyllərlə rastlaşırıq.
Bu alim dünyəvi elmlərin inkişafı təsiri altında olduğundan bir çox Quran həqiqətlərini təbiət qanunları əsasında izah etməyə çalışmışdır. Hətta qeybi varlıq olan mələklərin gizli təbii qüvvə olması ehtimalı ortaya atılmışdır.
Bəzi təfsirçilərin əxlaq məsələlərinə olan xüsusi bağlılığı "şeytanın" "əmmarə nəfs" kimi təfsir olunmasına gətirib çıxardı. Onlar şeytanın şeytan olaraq varlığını inkar etdilər. Bəzi təfsirçilər hətta Fironu azğın nəfs simvolu kimi təfsir etməyə cəhd göstərdilər. Onlar Firona qarşı qiyamı azğın nəfsə qarşı qiyam kimi qiymətləndirirdilər.
Bəli, bütün bu təfsirlər rəy əsasında təfsirlər qəbilindəndir. Göründüyü kimi, alimi rəy əsasında təfsirə sövq edən hansısa təsir altında olmasıdır. Təfsirçi alim Quran ayələrinə azad şəkildə üz tutmalıdır.
2. Bəzi təfsirçilər Quranın hər hansı ayəsini əsas götürərək, onun mahiyyətinə varmadan, bir çox başqa ayələri inkar etmiş olurlar. Məsələn, Quranın bir çox ayələrində Allahın cism olmadığı aşkar şəkildə bəyan edilir. Amma hansısa alim "Yədullah", yəni "Allahın əli" kəlməsini əsas götürərək, Allahın cism olmaması fikrini şübhə altına alır. Hansı ki ayədə uyğun kəlmə Allahın qüdrətinə işarədir.
3. Quranın hər hansı ayəsinin onun digər ayələri əsasında təfsir edilməsi ən düzgün yoldur. Bəziləri isə Quranı Quran vasitəsi ilə yox, başqa mənbələr vasitəsi ilə təfsir etməyə çalışırlar. "Kəşfuz-zənun" kitabında rəy əsasında təfsirin beş növü qeyd olunur. Biz xülasə şəkildə bu haqda danışdıq.
Belə bir nöqtəni xatırlatmaq lazım gəlir ki, rəyə əsaslanan təfsirlər haqqında danışdığımız zaman "əqlə əsaslanan təfsir ifadəsini işlətmədik. Rəy əsasında təfsir haqqında danışan İslam təfsirçiləri Peyğəmbərin əqlə yox, rəyə əsaslanan təfsiri məzəmmət etdiyini qeyd etmişlər. İslam alimləri ağılı ilahi dəlillərdən sayır və onu kitab, sünnə, icma ilə bir sırada qərar verirlər. Peyğəmbər əqlə əsaslanan təfsiri yox, rəyə əsaslanan təfsiri nəzərdə tutmuşdur. Rəy kəlməsini ağıl kimi qəbul etmək düzgün deyil. Bəziləri də rəy dedikdə zənn, güman, təxmin mənalarını nəzərdə tutmuşlar.
Əqlə əsaslanan təfsirin qəbul olunmaması ümumiyyətlə Quranın dərk olunması zərurətini inkar edir.
Quranın təfsirində ağılın rolunu inkar edənlər Quranın Tövrat və İncil kimi inhisara alınması tərəfdarıdırlar. Bəli, həzrət Peyğəmbərin buyurduğu hədisin mənası budur ki, hər kəs Quranı öz rəyi əsasında təfsir etsə, özünə cəhənnəm odundan yer seçməlidir.

Milli.Az