Turkic.World media platforması və Tükiyənin Balıkesir Universiteti tərəfdaşlıq memorandumu imzalayıb

23 Yanvar 2023 12:42

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Tükiyənin Balıkesir Universiteti tərəfdaşlıq memorandumu imzalayıb.

Memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və Balıkesir Universitetinin rektoru, professor, doktor Yücel Oğurlu arasında imzalanıb.

Memoranduma əsasən, "Turkic.World" media layihəsi Balıkesir Universitetinin rəsmi media tərəfdaşı olub.

İmzalanan memorandum çərçivəsində "Turkic.World" media platformasında universitetlə bağlı xəbərlər dərc olunacaq, bununla yanaşı, media layihəsində universitetin professor və müəllim heyəti dünya və Türkiyədə baş verən hadisələrlə bağlı ekspert və siyasi şərhçi qismində çıxış edəcəklər.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

"Türk Dünyası" (Turkic.World) media platforması 2021-cil ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub.

Eyni zamanda "Turkic.World" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşıdır.

Bununla yanaşı "Turkic.World" media layihəsi İstanbul Ticarət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə də tərəfdaşlıq memorandumu imzalayıb.

Milli.Az