“Deyirdim ki, Tünzalə az ye, deyirdi ki, yeməyimi kəsə bilmərəm..." - Firəngiz Mütəllimova

23 Yanvar 2023 10:33

"Tünzaləni sənətə gəldiyi ilk günlərdən tanıyıram. Biz o vaxtı Aztv-də televiziya tamaşasına çəkilirdik, o da həmin ekran əsərində çəkilən sənətçilər sırasında idi. Tünzalə mənim qonşumu oynayırdı. Orada tanış olduq. Daha sonra "Çal-çağır" verilişindən onu hamı tanıdı. Mən hətta zarafatca ona deyirdim ki, az ye, cavansan, yaşın azdır. O vaxt çox çəkili idi. Tünzalə deyirdi ki, mən yeməyimi kəsə bilmərəm"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib.

"Tünzalə ilə vaxtaşırı layihələrdə, verilişlərdə görüşürdük. Elməddin Cəfərovun seriallarında çəkilirdi, tez-tez kollektiv olaraq yığışırdıq. Təxminən 20 gün bundan əvvəl mən onunla telefonda yazışmışdım. Sözün düzü zəng edib narahat etmək istəmirdim. O dəqiqə mesajlarıma cavab yazırdı, halbuki səhhəti ağır idi. Öz səhifəsində də mənimlə olan şəkilini paylaşıb yazmışdı ki, "sizə olan sevgim sonsuzdur". Bayaq onun səhifəsinə daxil olub, həmin paylaşımı gördüm. Tünzalənin dünyadan köçməsinə çox pis oldum, hələ də özümə gələ bilmirəm. Cavan idi, 7 yaşında övladı qaldı. Allah onun bir balasını min budaq etsin. Çox yaxşı qız idi, aktrisa kimi də çox istedadlı idi. Nə məsləhət verirdinsə o dəqiqə yerinə yetirirdi. 5 dəqiqə qoymurdu ki, üstündən keçsin. Mən onu çox istəyirdim. Allah ona rəhmət etsin, məkanı cənnət olsun. Hərənin bir alın yazısı var. Bütün Azərbaycan gördü ki, o xəstəliyi ilə necə mübarizə apardı. Elə bilirdim ki, bu dəfə də xəstəliyə qalib gələcək, yaxşı olacaq. Allahın yazdığı alın yazısını heç kim poza bilməz. İnsanlar bu dünyadan rəhmət aparırlar. Həyat müvəqqətidir, əsas insanın şəxsiyyəti, dəyəri, qiyməti olmalıdır" deyə sənətkar bildirib.

Milli.Az