Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri saxlanılıb - FOTO

22 Yanvar 2023 10:22

Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az