Quran yandırmaq demokratiya deyil: onlar nə etdiklərini anlayırlarmı? - FOTO

21 Yanvar 2023 19:38

Bu gün Stokholmda, Türkiyənin İsveçdəki səfirliyinin önündə quran yandırılıb.

Milli.Az bildirir ki, PKK kürd terror təşkilatının mənsublarının və tərəfdarlarının keçirdikləri aksiyada danimarkalı ekstremist, ifrat sağçı Rasmus Paludan Qurana od vurub.

Bu idiotik aksiyanı R.Paludana ruspərəst jurnalist Çanq Frik təklif edib və bildirib ki, "aksiya ilə bağlı bütün xərcləri çəkməyə hazırdır".

İsveçin XİN başçısı Tobias Bilström Türkiyə səfirliyinin qarşısında icazəli aksiya zamanı Qurani-Kərimin yandırılmasını "qadağan olunması yanlış olan, söz azadlığına dəlalət edən əməl" adlandırıb.

Bu olaydan sonra Türkiyənin hakimiyyət dairələri İsveçin müdafiə nazirinin Ankaraya rəsmi səfərini təxirə salıblar.

Aksiyaya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu münasibət bildirib.

Türkiyəli diplomat İsveç hakimiyyətinin Stokholmdakı Türkiyənin səfirliyi qarşısında Quranı yandırmaq üçün icazə verdiyi aksiyanı "alçaq və irqçi" adlandırıb.

"Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya veriləcək", - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Qurani-Kərimi yandıran Rasmus Paludan kimi degenerat ekstremist nə etdiyinin əsla fərqində deyil.

Quranı yandırmaq mümkün deyil: yanan kağızdır, Allahın kəlamı yox.

Qurana od vuran isə əslində öz şüurunu və əqlini yandırmaqla yanaşı, müsəlmanlarda sözdə "demokrat və tolerant", əməldə isə yalnız öz maraqlarının təminatına çalışan kollektiv Qərbə nifrəti artırır.

Belə radikal islamamofob aksiyaların keçirildiyi, PKK terrorçularan sığanacaq verildiyi İsveçin türk aləmi ilə münasibətlərinin bundan sonra necə olacağı isə sual altındadır.

Orxan Hun
Milli.Az