24 gün dənizdə çarəsiz qalan “Robinzon Kruzo”: “Nə torpaq göründü, nə danışmağa adam...” - FOTO

21 Yanvar 2023 15:29

Dominikanlı Elvis Françoisin başına filmlərdəki kimi hadisə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Elvis François dekabr ayında Karib dənizindəki Sent-Martin adasının limanında qayığı təmir etməyə çalışarkən axına düşüb və açıq dənizə sürüklənməyə başlayıb.

Dənizçiliklə bağlı məlumatlı olmayan François telefon şəbəkəsi ilə əlaqə kəsildiyi üçün kömək də istəyə bilməyib. 47 yaşlı Elvis günlərlə dənizdə qalıb, 24 gün ərzində 1 şüşə ketçup, sarımsaq tozu və ət suyu həbləri yeyərək sağ qalıb.

Daha sonra içində olduğu qayığa su dolmağa başlayıb və tapıldığı günə qədər əlindəki parça ilə qayığın içindəki suyu boşaltmağa çalışıb.

O, köməyə çağırmaq üçün ocaq qalamağa cəhd edib, lakin buna nail ola bilməyib. Daha sonra yelkənli qayığın gövdəsinə "Kömək" yazıb. Həmçinin günəş şüalarını təyyarəyə əks etdirmək üçün güzgüdən istifadə edib və nəhayət, diqqət cəlb etməyi bacarıb. Təyyarənin ekipajı vəziyyət barədə Kolumbiya donanmasına məlumat verib.

Donanma öz növbəsində ticarət gəmisi ilə əlaqə saxlayıb və gəmi təxminən bir ay dənizdə qalan Françoisi xilas edərək liman şəhəri olan Kartagenaya gətirib.

"İyirmi dörd gün, nə torpaq göründü, nə də danışmağa adam oldu... Nə edəcəyimi bilmirdim, harada olduğumu bilmirdim. Qayıqda yemək yox idi. Ketçup, sarımsaq tozu və ət suyu həbləri var idi. Ət suyu həblərini su ilə qarışdırıb içdim. Bir nöqtədə artıq ümidimi itirdim, ailəmi düşündüm. Donanmaya təşəkkür edirəm. Onlar olmasaydı, mən bu hekayəni danışa bilməzdim", - deyə François yaşadıqlarını danışıb.

Komandir Karlos Urbano Montes verdiyi açıqlamada Elvis Françoisin sağlamlıq yoxlamasından keçdiyini və səhhətinin yaxşı olduğunu, lakin bir qədər arıqladığını bildirib.

Tibbi müayinədən keçdikdən sonra onun evinə qayıda bilməsi üçün immiqrasiya idarəsinə məlumat verilib.

Milli.Az