Həzrət Məhəmməd Peyğəmbərin (s) evliliklərinin fəlsəfəsi

26 Yanvar 2023 23:55

Bütün dünyaya rəhmət-mərhəmət nişanəsi, ədəb-əxlaq müəllimi olan Həzrət Peyğəmbərin (s) həyatına diqqət etsək görərik ki, onun evlilikləri nəfsani istəklər və cinsi meylinin şiddətinə görə deyil, həqiqətdə, saf hədəflərə və zəruri səbəblərə bağlı idi. Bu haqda ilk növbədə diqqət etməliyik ki, yaşadığı mühitin əxlaqi və cinsi fəsada bulaşdığı bir zamanda, Allahın elçisi (s) cavan yaşlarında belə, insanlar arasında öz paklığı və həyası ilə məşhur olmuşdur. Peyğəmbərin (s) 25 yaşında başladığı ilk evliliyi 40 yaşlı həzrət Xədicə (ə) ilə idi. Onunla təqribən 25 ilə yaxın birlikdə ailə həyatı yaşamışdır. İkinci diqqət olunası məqam budur ki, o həzrətin başqa qadınlarla evlənməsi ömrünün sonuna 10 ilində baş verdi. Əllamə Təba-təbai bu haqda yazır : Peyğəmbərin (s) birdən çox qadınla evlənməsi, onun şəhvətpərəst olmasına dəlalət etmir. Çünki, o həzrət, cavanlığında təkcə Xədicə (ə) ilə evli olmaqla kifayətlənib.

Əgər Peyğəmbərin (s) hədəfi şəhvət idisə, gözəl və cavan qadınlarla evlənərdi. Bunun üçün tam imkan var idi. Elə bir məqamda idi ki, istədiyi cavan qızlar və qadınlarla həyat qurmaq mümkün idi. Amma bütün bunlara baxmayaraq, o həzrət (s) daha çox himayəsiz, ərlərini itirmiş və yaşlı qadınlarla ailə həyatı qurdu. Onlardan biri, Ümm Sələmə, elçiləri görəndə çox təəccüb etmişdi ki, bu yaşımda heç kəs mənimlə evlənməyə razı olmaz. Lakin, Peyğəmbər (s) cavan qadınlara elçi göndərməyərək, mənə elçi göndərib.

Cinsi və nəfsani istəklərinə tabe olan insanın həyat tərzi də, bu yöndə qurulur. Belə şəxslər, zəngin-təmtəraqlı həyata, eyş-işrətə və cazibəli zinətlənmiş qadınlara sahib olmaq istəyir. Günlərini əyləncəyə həsr edirlər. Bir halda ki Tanrı elçisinin (s) yaşayış metodu tamamilə başqa üslubda idi. Onun həyat yoldaşları zinətlənmək və gözəl paltarlar geyinmək istəyəndə, Peyğəmbər (s) onlara deyərdi: Ya mənimlə sadə yaşamağı seçin, yaxud da ki, məndən ayrılın və bər-bəzəkli yaşayışın arxasınca gedin. Allah-Təala Quranda Peyğəmbərə (s) xitabən belə buyurur: "Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: "Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır." (Əhzab 28-29)

Tarixi araşdırmamız bizi buna çatdırdı ki, Peyğəmbərin bir neçə qadınla evlənməsi nəfsani istəklərdən deyil, bəlkə böyük hədəflər səbəbilə idi. Həmin hədəflərdən bir neçəsini burada qeyd edirik:

1.Siyasi və təbliğ yönlü evlilikləri

Şübhəsiz ki, Allahın elçisi (s) lətif ruhlu və incə qəlbli bir insan idi. Ailə qurduğu qadınlara dəyər verdiyi üçün onlarla evlənirdi. Amma ilahi bir vəzifəni və məsuliyyəti də üzərində daşıdığına görə, bəzi evliliklərində bir sıra hədəfləri də, islam dininin yayılması, sabitliyini qoruması və siyasi cəhdlər idi. O həzrət (s), bəzi böyük qəbilələrdən olan qadınlarla evlənərək, həmin qəbilələrlə münasibətləri möhkəmləndirirdi. Teym qəbiləsindən Aişə, Əda qəbiləsindən Həfsə, bəni-Üməyyədən Ümm Həbibə ilə evlənməsi və yəhudi tayfasından olan, müsəlman olmuş Səfiyyə ilə evlənməsi həmin hədəflər üzərindən idi. Bəzi böyük qəbilələrdən olan qadınlarla evlənməsinin səbəbi, məhz bu qəbilələrdən gələ biləcək potensial təhlükələrin qarşısını almaq idi. Qohumluq əlaqəsi qurmaqla, bu təhlükələri aradan qaldırırdı. Məsihi yazıçılarından olan Giorgio yazır: Məhəmməd, Ümm Həbibəylə evləndi və Əbu Süfyanın kürəkəni oldu. Bununla da, öz düşməni olan bəni-Üməyyə tayfasıyla qohum olaraq, islam dinini mümkün təhlükələrdən qorudu.

2. Tərbiyəvi yönlü evlilikləri

Həzrət Məhəmmədin (s) uşaqlı dul qadınla evlənməsi bu qəbildəndir. O həzrət (s) bəzən himayəsiz dul qadınlarla evlənmiş, müsəlmanlara bu sahədə nümunə olaraq, onları başsız ailələri qorumağa dəvət edərdi. Peyğəmbər (s) istəmirdi ki, heç bir qadın və yetim uşaq himayəsiz və ac-susuz qalsın. O həzrət (s) belə qadınlarla ailə həyatı quraraq, onlara qarşı öz gözəl əxlaqı ilə rəftar edib, qayğı göstərib, insanlara nümunə olurdu.

3. Kənizlərin azad olunmasına səbəb olan evlilikləri

Peyğəmbər (s) cəmiyyətdə dərin kök salan və birdəfəlik məhv edilməsi qeyri-mümkün olan quldarlıq və kənizlik ilə də mübarizə aparmışdır. O həzrət (s) həyatı boyu kənizləri azad etmək üçün bir çox yollardan istifadə etdi. Onlardan biri də, kənizlərlə evlənərək onları kənizlikdən azad etmək idi. Cəvriyyə və Səfiyyə Peyğəmbərin (s) kənizləri idi. Allahın elçisi (s) əvvəl onları azad etdi. Sonra onlarla evləndi. Peğəmbərin (s) Cəvriyyə ilə evlənməsi nəticəsində, çoxlu kənizlər azad oldu. Cəvriyyə "bəni Mustələq" tayfası ilə döyüşdə əsir düşmüş və Peyğəmbərin (s) savaş qəniməti payına düşmüşdü. Həzrət (s) onu azad etdi və sonra evləndi. Peyğəmbərin (s) bu rəftarı ətrafındakı insanlar üçün gözəl bir örnək oldu və həmin döyüşdə əsir olanların hamısı (təqribən 200 nəfər) azad edildi. Məsihi alimi Giorgio yazır: Məhəmməd (s) Cəvriyyə ilə evləndi. Səhabələr ona təəccüb etdilər. Amma sabahısı gün, yavaş-yavaş əsirləri azad etdilər. Çünki qəbul edə bilmədilər ki, Peyğəmbərin (s) həyat yoldaşının qohumları onların kənizi-qulu olsun.

Milli.Az