İmam Həsənin ibadəti

24 Yanvar 2023 23:40

Məsum İmamlar (ə) tarix boyu insanlar üçün əxlaq nümunəsi olmuşdular. İmam Həsən (ə) də bu cür İmamlardan biri idi. İmam Həsənin (ə) şəxsiyyətinin uca məqamını o halda görmək olur ki, kiçik yaşlarından Peyğəmbərdən (s) eşitdiklərini insanların ixtiyarına qoyurdu. İbni Zəbağ Maliki bu xeyir və bərəkət sahibi haqqında belə yazır: "Həsən ibni Əli (ə) haqqında belə yazırlar ki, Peyğəmbərin (s) məscidində əyləşmişdi. İslam maarifinə susuzlayanlar da ətrafında əyləşmişdi. O, elə danışırdı ki, bu susuzları doyuzdururdu. Düşmənlərin gətirdiyi bürhanları batil edirdi".

İmam Həsən (ə) hələ kiçik yaşlarından öz elmi süfrəsini açmışdı. Quran ayələrini tilavət edərək və Peyğəmbərdən (s) hədis nəql edərək, elm və mərifətə susuzlayanları doyuzdururdu. Xüsusilə də son on ildə ki, müsəlmanların başına ağrılı hadislər gəlmişdi. İmam (ə) həlimlik və səbirlə verilən suallara cavab verirdi.
Şeyx Tusinin yazdığına görə İmamın (ə) 41 nəfər tərəfdaşı vardı. Bəs İmam Həsən (ə) ki, İslam ümmətinin arasında 50 il yaşamışdı, necə ola bilər ki, onun tərəfdaşının sayı 41 olsun? Ola bilsin ki, İmam Həsən (ə) Peyğəmbər (s) səhabələrinin yaşadığı bir dövrdə imamətlik etmişdir. O səhabələr də İmamın (ə) dərslərinə və xütbələrinə gəlməmişdilər. Ya da ola bilsin ki, Müaviyyənin təbliğatının nəticəsində İmamın (ə) ətrafına bu qədər az insan toplaşmışdı.
İmam Sadiq (ə) buyurur: "İmam Müctəba (ə) dövrünün ən ibadətkar insanı idi. Çox zaman həccə ayaqyalın gedərdi".
Əziz İmam (ə) namazın qunutunda çoxlu dua edərdi. O, belə dua edərdi: "Ey çarəsizlərin pənah yeri! Dərklər Sənin qarşında heyran və elmlər Sənin qarşında gücsüzdür. Sən diri olan Allah və cavidan Qəyyumsan. Sən bildiyini görürsən, o işdə daha bilikli və səbirlisinə Sən hər bir gizlini aşkar etməyə qadirsən. Hər bir işin qarşısını almağı bacarırsan. Hər şeyin qayıdış yeri Sənədir. Hər bir şeyin başlanğıcı Səndən mənbələnmişdir, Sən qəlblərdə gizli olanlardan agahsan. İstədiyin hər şey icra olmuşdur. Həqiqətən Sən Eşidən, Bilən, Tək və görənsən.
Allahım! Sən bilirsən ki, mən çalışmamı əsirgəməmişəm. O vaxt ki, tək qaldım, o zaman öz atalarımın ardınca getdim ki, bu üsyankar düşmənin və Əhli-beyt (ə) davamçılarının qanının tökülməsinin qarşısını alım. Övliyalarımın hifz etdiyini mən də hifz etdim. Qəzəbimi yatızdırdım və onların istədiyini etdim. Onların istədiyi yolla getdim və heç nə demədim ki, Sənin yardımın mənə çatsın. Sən haqqın tək yavəri və onun ən yaxşı dayağısan. Baxmayaraq ki, bu yardım bir qədər təxirə düşdü və düşmənin məhv olması bir qədər uzandı".
Nə zaman İmam (ə) dəstəmaz alardı, bədəni Allah qorxusundan titrəyərdi. Ondan bunun səbəbini soruşanda, buyurardı: "Allahın bəndəsi Onun dərgahında bəndəlik üçün hazırlaşan zaman rəngi dəyişməli və əzaları titrəməlidir".
Nə zaman məscidə gedərdi, qapının kənarında dayanar və bu sözləri zümzümə edərdi: "Allahım! Qonağın dərgahına gəlmişdir. Pis əməl sahibi Sənin yanına gəlmişdir. Ona görə də mənim yanımda olan günah və çirkinliyi Sənin yanında olan gözəlliyə çevir. Ey Bağışlayan!".
İmam Sadiq (ə) buyurur: "Nə zaman İmam ölümü xatırlayırdı, ağlayırdı. Nə zaman qəbri xatırlayırdı, ağlayırdı. Nə zaman Qiyaməti xatırlayırdı, nalə çəkirdi. Nə zaman Sirat körpüsündən keçməyi xatırlayırdı, ağlayırdı. Nə zaman əməllərin Allaha təqdim olmasını xatırlayırdı, nalə çəkir və huşdan gedirdi. Nə zaman namaz üçün dayanardı, bədəni Pərvərdigarı qarşısında titrəyərdi. Nə zaman behişt və cəhənnəmi xatırlayırdı, ilan kimi iztirablı olur və Allahdan behişti istəyərdi və cəhənnəm atəşindən Ona pənah aparardı".
Ona niyə ağladığına görə sual verəndə buyurardı: "İki şeyə görə ağlayıram: Qiyamət gününün qorxusundan və dostlarımdan uzaq olduğum üçün".
Həzrət Peyğəmbərin (s) əziz nəvəsi əgər aqibəti üçün ağlayırsa, vay olsun bizim halımıza! Allah bizləri Qiyamət günü Peyğəmbərimiz (s) və onun Əhli-beyti (ə) ilə məhşur etsin!

Milli.Az