Film kimi həyat hekayəsi: Xərçəngə qalib gəldi, dönüşünü... - FOTO

18 Yanvar 2023 21:38

2023-cü ilin əvvəlində Dortmund "Borussiya"sından futbol və insanlıq adına gözəl xəbər gəldi. "Arılar"ın forvardı Sebastyan Aller xərçəngə qalib gələrək məşqlərə başladı.

Milli.Az bildirir ki, futbolçunun bərpa prosesinə xüsusi yanaşıldı. Bundesliqa təmsilçisinin qış təlim-məşq toplanışının ilk günlərində Aller əvvəlcə fərdi məşq etsə də, tez forma yığdı və komanda yoldaşlarına qoşuldu.

Əvvəlcə debüt, sonra het-trik

Onun meydana qayıdışı da, ilk qollarını vurması da uzun çəkmədi. 10 yanvarda debüt, 3 gün sonra isə het-trik etdi. "Fortuna" ilə yoldaşlıq oyununda 74-cü dəqiqədə Yussuf Mukokonu əvəzlədi. Bütün stadion Sebi alqışlarla qarşıladı.

O, həmin oyunda qol vura bilməsə də, "Bazel"lə sımaq matçında hər kəsi təəccübləndirən perfomansla yadda qaldı. Aller yeddi dəqiqə ərzində het-trik etdi. Bununla da "Borussiya"nın ötən yay onun üçün niyə 30 milyon avro ödədiyini hər kəsə xatırlatdı. Vurduğu üçüncü qol xüsusilə baxımlı alındı və ustalıq səviyyəsini bir daha nümayiş etdirməyə imkan verdi.

Fransalı forvardın bu çıxışı hər kəsi - xüsusilə komanda yoldaşlarını sevindirdi. Qolkiper də daxil olmaqla bütün futbolçular vurulan hər qoldan sonra onu təbrik etməyə çalışırdılar. Matçdan sonra 28 yaşlı futbolçu hisslərini belə ifadə etdi:

"Meydana qayıtmaq, qol vurmaq, komandaya kömək etmək və bədənimin necə yaxşılaşdığını hiss etmək inanılmaz hissdir. Daha yaxşı ssenari tapmaq mümkün deyil. Biz birlikdə inkişaf etməyə davam edəcəyik və ümid edirəm ki, komanda üçün faydalı olacağam. Bundan sonra da mümkün qədər çox qol vurmağa çalışacağam".

Komanda yoldaşları da Allerə görə sevinirdilər. "Bundan daha yaxşısı ola bilməz! Hamımız onun üçün çox şadıq", - deyə müdafiəçi Salih Özcan "Borussiya"dakı əhval-ruhiyyəni təsvir etdi.

Hadisələrin xronologiyası

2022-ci ilin yayında "Ayaks"dan transfer olunduqdan dərhal sonra Sebastianda cinsi orqanında bədxassəli şiş aşkarlandı. Sonuncusu noyabrda olmaqla 2 dəfə əməliyyat edildi. Sevindirici hal odur ki, futbolçu gözləniləndən tez sağaldı. Bu prosesdə "Borussiya" rəhbərliyinin mövqeyi də böyük rol oynadı. Dortmund təmsilçisi futbolçuya dəstək olaraq, onu erkən geri qayıtmağa məcbur etmədi. Aller hətta Dünya çempionatı zamanı sabiq klubu "Ayaks"ın bazasında fərdi məşqlər etdi. Sebastyan Amsterdamda özünü yaxşı hiss etdiyinə görə belə qərar verdiyini açıqladı.

"Ağlamadım, yox. Dərhal düşündüm: "Mən indi bunun öhdəsindən gəlməliyəm" deyə fikriləşdim. Mənim başqa variantım da yox idi". Bu sözləri Aller "Bild" nəşrinə müsahibəsində deyib. Heç vaxt ölüm haqqında düşünmədiyini bildirən forvard xərçəngə qalib gəlməsində psixoloji amilin böyük rol oynadığını bildirir.

Dortmund klubunun baş məşqçisi Edin Terziç hələ də Allerlə düzgün işləməyə vaxt tapmayıb. Lakin o, daha yaxşı günlərin hələ qarşıda olduğuna ümid edir: "Belə təcrübəli oyunçu meydanda olanda komanda üçün oyun xeyli asanlaşır".

Sebastyan hələ də "Bourssiya"da rəsmi debüt etməyib. İndi o, həmin günü sərbrsizliklə gözləyir. Ola bilsin ki, bu, yanvarın 22-si reallaşacaq. Çünki həmin gün Bundesliqada fasilə bitəcək və "arılar" öz meydanında "Auqsburq"u qəbul edəcək. Baş məşqçi şans verəcəyi təqdirdə Allerin "sarı-qara" formayla debütü baş tutacaq. (publika)

Milli.Az